“Tvente”nin futbolçusu Rut Neysdat “Qarabağ”la UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək cavab matçından əvvəl komandanın hazırlığından danışıb.
İdman.Biz xəbər verir ki, niderlandlı yarımmüdafiəçi Bakıda keçiriləcək qarşılaşmadan öncə mətbuat konfransında açıqlama verib.
Neysdat beynəlxalq matçlarda yaradılan qol imkanlarından maksimum yararlanmağın vacibliyini vurğulayıb:
“Avropa futbolu daxili birincilikdən fərqlənir. Burada yaradılan hər bir qol imkanından maksimum yararlanmaq lazımdır. İlk qarşılaşmada müəyyən təcrübə qazandıq və səhvlərimizdən nəticə çıxardıq. Şəxsi inkişafım üçün də Avropa səviyyəsində oynamaq çox faydalıdır”.
Yarımmüdafiəçi ilk oyunda buraxdığı səhvlərdən və baş məşqçinin ona verdiyi tövsiyələrdən də danışıb:
“Həmin an bir az səbirsiz davrandım və topu tez ötürməyə çalışdım. Oyun bitdikdən sonra baş məşqçi mənə tövsiyələrini verdi və nəyi daha yaxşı edə biləcəyimi izah etdi. Bu cür dəstək mənim üçün çox əhəmiyyətlidir. Cavab matçında komandaya daha çox fayda verməyə çalışacağam”.
Qeyd edək ki, “Qarabağ” – “Tvente” görüşü avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında Niderlandda baş tutan ilk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
