Azərbaycanın “Neftçi” futbol komandası Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı” ilə keçiriləcək səfər matçında “Əfsanə zolaqlı” adlı ev forması dəstindən istifadə edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
“Ağ-qaralar”ın 2026/27 mövsümü üçün hazırlanan “Əfsanə zolaqlı” forması klubun 90 illik tarixinə ehtiram əlaməti olaraq yaradılıb. Yeni dizayn “Neftçi”nin tarixində ən çox istifadə edilən və komandanın əsas simvollarından birinə çevrilən klassik ağ-qara zolaqları yenidən ön plana çıxarır.
İtaliyanın “Kappa” şirkəti tərəfindən xüsusi hazırlanan forma dəstində ağ rəng üstünlük təşkil edir. Onun boyun hissəsində klubun 90 illik yubileyinə həsr olunmuş xüsusi loqo yerləşdirilib. Bu detal “Neftçi”nin tarixi irsini və müxtəlif nəsillər arasında bağlılığı simvolizə edir.
“Əfsanə zolaqlı” 2026/27 mövsümündən etibarən komandanın əsas ev forması kimi müəyyənləşdirilsə də, "Şamaxı" ilə oyunda da bu formadan istifadə olunacaq.
Qeyd edək ki, “Şamaxı” - “Neftçi” qarşılaşması bu gün, noyabrın 1-də Şamaxı şəhər stadionunda keçiriləcək. Matç saat 15:00-da başlayacaq.
Hazırda “Neftçi” 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Şamaxı” isə 13 xalla yeddinci yeri tutur.
Paytaxt təmsilçisi əvvəlki turda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.
