“Qarabağ” üç legioneri heyətinə qatmağa hazırlaşır - YENİLƏNİB

26 Avqust 2026 17:23
115
“Qarabağ” üç legioneri heyətinə qatmağa hazırlaşır - YENİLƏNİB

“Qarabağ” yeni futbolçu ilə razılıq əldə edib.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, bu Portuqaliyanın “Vitoriya” klubunda çıxış edən Telmo Arkanjodur.

25 yaşlı vingerlə bütün məsələlərdə razılıq əldə olunub. Onun yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Telmo “Qarabağ” üçün yad sima deyil. O, Ağdam klubunun sabiq futbolçusu Leandro Andradenin əmisi oğludur.

“Qarabağ” bu futbolçu ilə bir neçə il öncə də maraqlanıb. Arkanjo “Tondela”da çıxış edərkən “köhlən atlar” onu sərəncamında görmək istəyib. Lakin həmin vaxt bu transfer baş tutmayıb. Bu mövsüm isə onun keçidi yenidən gündəmə gəlib.

Xatırladaq ki, klub Nigeriyalı vinger və Afrika əsilli alman dayaq yarımmüdafiəçisi bu gün Bakıya gələcək.

Qeyd edək ki, Telmo Arkanjo “Vitoriya”nın heyətində 57 oyun keçirib və 6 qola imza atıb.

17:09

“Qarabağ” klubu daha iki futbolçu ilə heyətini gücləndirməyə hazırlaşır.

İdman.Biz qol.az-a istinadla xəbər verir ki, hər iki futbolçu legionerdir.

Onlardan biri Nigeriya vətəndaşı olan sol cinah vingeridir. Abdullah Zubirin komandadan ayrılmasından sonra həmin mövqedə yalnız Renaldo Sepas qalıb. “Qarabağ” yeni transferlə bu mövqedəki problemi aradan qaldırmağı planlaşdırır.

Digər futbolçunun isə Afrika əsilli alman olduğu və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış etdiyi bildirilir.

Məlumata görə, hər iki oyunçu bu gün Bakıya gələcək. Onlar tibbi müayinədən keçdikdən sonra “Qarabağ”la müqavilə imzalayacaqlar.

Bu transferlər reallaşarsa, Ağdam təmsilçisinin yay fasiləsində heyətinə qatdığı futbolçuların sayı 10-a çatacaq.

Məlumata görə, “Qarabağ”dan bir futbolçunun ayrılması da gözlənilir. Adı açıqlanmayan həmin oyunçunun əsas heyətin üzvü olmadığı bildirilir.

İdman.Biz