Rəşad Sadıqov “Zirə”nin əsas problemini göstərdi: “Hələ də həll edə bilmirik”

23 Oktyabr 2026 22:35
109
Rəşad Sadıqov “Zirə”nin əsas problemini göstərdi: “Hələ də həll edə bilmirik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının doqquzuncu turunda “Sumqayıt” üzərində 3:2 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının oyununu dəyərləndirib, çempionatda rəqabətin artdığını vurğulayıb və qış transfer pəncərəsində hücum xəttini gücləndirmək istədiyini söyləyib.

“Gözləyirdik ki, şən və baxımlı oyun alınacaq. İlk saniyələrdən komandalar bir-birinə təzyiq göstərirdi. Həmin dəqiqələrdə biz daha yaxşı görünürdük. Ancaq 30-35-ci dəqiqələrdən sonra komandamızın oyununda eniş oldu. Rəqibə pressinq etmək üçün çox güc sərf etmişdik, enerjimiz azalmışdı. Buna baxmayaraq, rəqibə təhlükəli epizodlar yaratmağa imkan vermirdik.

İkinci hissəyə passiv başladıq. Artıq bir neçə oyundur ki, fasilədən sonra qol buraxırıq. Bu barədə danışırıq, amma hələlik problemi həll edə bilmirik. Hesab 2:2 olduqdan sonra komandamız irəli atıldı. Vacib qələbə qazandıq. Klub rəhbərliyini və futbolçularımızı təbrik edirəm”, - deyə Sadıqov bildirib.

Baş məşqçi cari mövsümdə çempionatın daha gərgin keçdiyini və heç bir qarşılaşmanın asan olmadığını qeyd edib:

“Hansısa oyunun rahat olduğunu deyə bilmirəm. “Araz-Naxçıvan”ın oyununa baxdım, çox yaxşı oynadılar. Son turlarda baxımlı futbol nümayiş etdirirlər, amma qələbə qazana bilmirlər. Keçən il də belə idi, bu il də belədir. İldən-ilə hamı inkişaf edir, təcrübə toplayır və rəqabət çətinləşir.

“Sumqayıt” son iki matçda möhtəşəm futbol oynadı. Yeni baş məşqçinin gəlişindən sonra komanda olduqca baxımlı və mobil futbol nümayiş etdirir. Bu gün uduzsaydıq, təəccüblənməzdik. Həm bizim, həm də rəqibin heyətində ciddi itkilər var idi”.

Oyunun gedişində emosional davranmasına da aydınlıq gətirən Sadıqov ilk hissədə bəzi hakim qərarlarından narazı qaldığını etiraf edib:

“Birinci hissədə gərgin idim. Oyunun əvvəlində bəzi epizodlar oldu. Amma ikinci hissədə hakimlərlə bağlı reaksiya vermədim. Fasilədə özümə söz verdim ki, sakit olacağam. Başa düşürdüm ki, ikinci hissə daha emosional keçəcək. İlk hissədə bəzi epizodlar bizi özümüzdən çıxardı. Kimin haqlı olduğunu videogörüntülərə baxandan sonra biləcəyik. Tək bizim oyunda deyil, başqa qarşılaşmalarda da belə hadisələr baş verir. Gərgin oyun idi”.

Qış transfer pəncərəsində yeni futbolçuların alınması üçün büdcə ayrılıb-ayrılmadığı barədə suala cavab verən mütəxəssis heyətin komplektləşdirilməsinin hələ başa çatmadığını söyləyib:

“Seleksiya işlərini tamamlamamışıq. Komandaya sağ cinah vingeri gətirə bilmirik, buna görə də həmin mövqedə fərqli futbolçuları oynadırıq. Rəqabət apardığımız komandalara baxırıq. Onların hücum xəttində yüksək səviyyəli futbolçular çıxış edir, heyətləri genişdir. Əgər onlarla tam rəqabət aparmaq istəyiriksə, hücum xəttimizi gücləndirməliyik. İstərdim ki, qışda mütləq hücum xəttinə yeni futbolçular cəlb edək”.

İdman.Biz