Filipe Kandido: “Sayılmayan qolumuzda ofsayd yox idi”

23 Oktyabr 2026 21:45
108
Filipe Kandido: “Sayılmayan qolumuzda ofsayd yox idi”

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının doqquzuncu turunda “Zirə”yə səfərdə 2:3 hesabı ilə uduzduqları oyundan sonra komandasının çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis mətbuat konfransında məğlubiyyətdən məyusluğunu gizlətməyib:

“Məncə, bu nəticə bizim üçün utancverici oldu. Düşünürəm ki, yekunda daha çoxuna layiq idik. Matça yaxşı başlamadıq. Oyun qurarkən vacib vəziyyətlərdə top itirdik. Rəqibin bundan istifadə edə biləcək keyfiyyətli futbolçuları var. Lakin 0:2-dən sonra komandamın xarakterini bəyəndim. Fasilədə futbolçulara dedim ki, oyunu qaytara bilərik. İki qol vurduq, təəssüf ki, biri sayılmadı. Məni məyus edən odur ki, daha çoxunu edə bilərdik. Futbolçularımın buna qadir olduğuna inanıram. “Zirə” qələbə qazanmaq üçün müəyyən addımlar atacaqdı. Biz isə müdafiədə xırda səhvlərə yol verdik. İnanıram ki, liqanın ən yaxşı komandalarına qarşı mübarizə aparacaq heyətimiz var”.

Kandido hücum xəttindəki problemlərə də toxunub. O, iki hücumçunun eyni vaxtda sıradan çıxmasının komandanın oyununa təsir etdiyini qeyd edib:

“Nihad Əhmədzadə ilə fərqli tipli “doqquz nömrə”dən istifadə edirdik. Bilirəm ki, onun klassik mərkəz hücumçusundan fərqli xüsusiyyətləri var. Amma düşünürəm ki, bu gün yaxşı iş gördü, həm hücumda, həm də müdafiədə komandaya çox kömək etdi. Hamı bilir ki, iki hücumçumuzu eyni vaxtda itirdik. Lakin məşqçi kimi oyunun gedişində həll yolları tapmağa məcburam. Gələcəkdə daha yaxşı nəticələr qazanmaq üçün fərqli addımlar atacağıq”.

Baş məşqçi turnir cədvəlindəki mövqedən daha çox növbəti qarşılaşmaya diqqət yetirdiyini vurğulayıb:

“Asan oyun yoxdur. Hazırda turnir cədvəli ilə maraqlanmıram, komandamı növbəti matça hazırlayıram. Komandanın qurulması prosesini davam etdiririk”.

Hakimliklə bağlı suala cavabında isə Kandido sayılmayan qolda ofsayd olmadığını iddia edib:

“Hakimlər haqqında danışmağı sevmirəm. Onlar üçün də asan deyil. Amma əllərində VAR kimi yaxşı sistem var. Sayılmayan qolumuzda ofsayd yox idi. Bununla belə, hakimlər barədə danışmasaq, yaxşıdır. Belə qərar verdilər, amma komandam sınmadı və ikinci qolu vurdu”.

Portuqaliyalı mütəxəssis vaxtilə “Setubal”da birlikdə çıxış etdiyi Azərbaycan futbolunun tanınmış simalarından Vəli Qasımov haqqında da danışıb:

“Vəli Qasımov əla hücumçu və yaxşı insandır. Telefonla danışırıq. O, karyeram ərzində gördüyüm ən yaxşı futbolçulardan biridir, öz dövrünün ən yaxşı hücumçularından olub. İnsan kimi onu çox istəyirəm. Azərbaycana gəldikdən sonra görüşməmişik. Amma həm insan, həm də futbolçu kimi ondan çox şey öyrənmişəm. O vaxt mənim 18-19, onun isə 31 yaşı var idi. Həm meydanda, həm də meydandan kənarda ondan çox şey öyrənmişəm”.

İdman.Biz