Futbol üzrə Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda keçiriləcək “Dinamo” (Minsk) - “Neftçi” qarşılaşmasını Bakı klubunun avrokuboklarda inamlı səfər qələbəsi qazandığı hakim idarə edəcək.
İdman.Biz xəbər verir ki, qarşılaşmada Şimali İrlandiyadan olan hakimlər briqadası, baş hakim Tim Marşallın rəhbərliyi altında çalışacaq. Ona Georgios Argiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Şeyn Makqoniql yerinə yetirəcək.
Qeyd edək ki, Tim Marşall daha əvvəl də “Neftçi”nin oyununu idarə edib və həmin görüş Bakı klubunun inamlı qələbəsi ilə başa çatıb. Şimali irlandiyalı referi 11 iyul 2019-cu ildə Avropa Liqasının I təsnifat mərhələsində "ağ-qaralar"ın Moldovanın “Speransa” klubu ilə səfər matçında baş hakim olub. Həmin vaxt Roberto Bordinin rəhbərlik etdiyi komanda Kişineuda 3:0 hesabı ilə qalib gəlib. Qolları Emin Mahmudov, Stiven Jozef-Monroz və Rahman Hacıyev vurublar.
Cavab görüşündə “Neftçi” Moldova təmsilçisini 6:0 hesabı ilə darmadağın edərək, iki oyunun nəticəsinə görə 9:0 hesabı ilə növbəti mərhələyə yüksəlib.
Marşall Azərbaycanın gənclər millisinin də oyununu idarə edib. O, 6 iyun 2019-cu ildə 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının Lixtenşteynə qarşı səfər matçında baş hakim olub. Həmin görüş millimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, “Dinamo” (Minsk) - “Neftçi” cavab görüşü iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk oyunda Belarus təmsilçisi Bakıda 4:2 hesablı qələbə qazanıb.
