Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov qarşıdakı dövrdə həyata keçiriləcək işlər və Azərbaycan futbolunun inkişafı ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, yenidən PFL rəhbəri seçilən Səmədov bu barədə qurumun mətbuat xidmətinə açıqlamasında danışıb.
PFL prezidenti ona göstərilən etimada görə klublara və AFFA-ya təşəkkür edib:
“Mənə göstərilən böyük etimada görə Peşəkar Futbol Liqasının üzvü olan bütün klublara, bizə dəstəyini əsirgəməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, şəxsən AFFA-nın prezidenti cənab Rövşən Nəcəfə təşəkkürümü bildirirəm. Çalışdığım müddətdə futbol ailəsinin, media nümayəndələrinin diqqətini, dəstəyini görmək, həmrəyliyini hiss etmək həmişə əlavə güc verib”.
Elxan Səmədov yeni dönəmdə də etimadı doğrultmaq üçün çalışacaqlarını vurğulayıb:
“Komandamla birlikdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bizə bəslənilən bu yüksək inamı əməli fəaliyyətimizlə tam şəkildə doğruldaq. İnanıram ki, AFFA, eləcə də futbol ailəsinin hər bir üzvünün qarşılıqlı dəstəyi nəticəsində vahid məqsəd ətrafında birləşərək, ortaq səylərimizlə Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”.
Qeyd edək ki, PFL-in Ümumi Yığıncağında Elxan Səmədov qarşıdakı 4 il müddətinə qurumun prezidenti vəzifəsinə seçilib.
