“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev: “KuPS”la oyunlara ciddi hazırlaşacağıq”

16 İyul 2026 17:51
80
“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev: “KuPS”la oyunlara ciddi hazırlaşacağıq”

“Sabah” futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı Finlandiya təmsilçisi “KuPS”la oyunlara ciddi hazırlaşacaq”.

Bu sözləri “Sabah” futbol klubunun yarımmüdafiəçisi Umarali Raxmonaliyev deyib.

O, qitənin bir nömrəli klub turnirindəki növbəti rəqib haqqında danışıb.

“Bu turnirdə ölkə çempionları mübarizə aparır. Çempionlar Liqasının təsnifat mərhələsində bizi asan rəqiblər gözləmir. Bu səbəbdən qarşıya qoyulan hədəfə çatmaq üçün bu matça da ciddi hazırlaşacağıq”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

U.Raxmonaliyev birinci təsnifat mərhələsində Uelsin TNS komandasına qarşı hər iki matçdakı qalibiyyətin kollektivə faydalı olduğunu söyləyib:

“Hər qələbə komandaya daha çox özünəinam və növbəti oyunlar üçün əlavə motivasiya qazandırır. TNS ilə səfər qarşılaşmasında təkcə oyuna nəzarət baxımından keyfiyyətimizi göstərməməli, həm də evdə qazandığımız qələbədən sonra xarakter nümayiş etdirməliydik. Sevindirici haldır ki, bunun öhdəsindən gəldik. Düşünürəm ki, əsl potensialımızı hələ tam nümayiş etdirməmişik. Optimal formaya çatmaq üçün hələ üzərimizdə işləməliyik. Ümid edirəm ki, növbəti oyunlarda daha baxımlı futbol sərgiləyəcək və daha uğurlu nəticələr əldə edəcəyik”.

Xatırladaq ki, “Sabah” “KuPS” ilə ilk matçını iyulun 21-də Bakıda keçirəcək.

İdman.Biz