TNS “Sabah”a qarşı cavab oyununda hesabı çevirəcəyinə inanır - İDMAN.BİZ-in İCMALI

13 İyul 2026 15:12
104
TNS “Sabah”a qarşı cavab oyununda hesabı çevirəcəyinə inanır - İDMAN.BİZ-in İCMALI

Uelsin TNS futbol klubu Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah”a qarşı cavab oyununda kambek etmək imkanına inanır.

İdman.Biz xəbər verir ki, bu barədə Uels çempionunun rəsmi saytında dərc olunan oyunöncəsi yazıda bildirilib.

Maraqlıdır ki, klubda Kreyq Harrisonun komandasının ilk oyunda müdafiədəki çıxışı "təsiredici" kimi qiymətləndirilib. Bununla yanaşı qeyd olunub ki, Velko Simiç və Kahim Parrisin qolları "Sabah"a 2:0 hesablı qələbə qazandırıb və cavab görüşü öncəsi üstünlük verib.

Bakıda məğlub olmasına baxmayaraq, TNS qarşıdurmanın gedişini “Park Hall” stadionunda dəyişəcəyinə ümid edir. Klubun rəsmi saytında vurğulanır ki, komanda ev oyunlarındakı uğurlu nəticələrinə görə geridönüş edə biləcəyinə ciddi şəkildə inanır.

Qeyd olunur ki, ötən mövsüm TNS öz meydanında 18 qələbə qazanıb və dörd dəfə məğlub olub. Bundan əlavə, Uels klubu Osvestridə keçirdiyi son yeddi avrokubok oyunundan yalnız ikisində uduzub.

Qeyd edək ki, TNS meydana ənənəvi üfüqi yaşıl-ağ zolaqlı forması, yaşıl şortu və yaşıl futbol corabları ilə çıxacaq. “Sabah”ın futbolçuları isə tam qara formada oynayacaqlar. Meydan sahiblərinin qapıçısı sarı, Bakı klubunun qapıçısı isə bənövşəyi geyimdə olacaq.

Biletlərin qiyməti böyüklər üçün 22 funt sterlinq (təxminən 50 manat), güzəştli kateqoriyaya aid azarkeşlər üçün 15 funt sterlinq (təxminən 34 manat), 18 yaşdan kiçik tamaşaçılar üçün isə 8 funt sterlinq (təxminən 18 manat) təşkil edir. Azarkeşlər əlavə 45 funt sterlinq (təxminən 102 manat) ödəməklə xüsusi qonaqpərvərlik paketini də əldə edə bilərlər.

Oyunu baş hakim Mateo Buskets Ferrerin rəhbərlik etdiyi İspaniya hakimlər briqadası idarə edəcək. Xatırladaq ki, cavab görüşü iyulun 14-də “Park Hall” stadionunda keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

İdman.Biz