“Azərbaycanda qaldığım üçün çox şadam. “Qəbələ” möhtəşəm stadionu, infrastrukturu və gözəl şəhəri olan tarixi klubdur”.
Bu sözləri “Qəbələ” futbol klubunun yeni transferi Kərim Rossi deyib.
İsveçrəli hücumçu bildirib ki, həm Azərbaycandan, həm də xarici klublardan təklifi olsa da, sonda “qırmızı-qaralar”ı seçib.
“Qəbələ”nin təqdim etdiyi 2 illik layihə daha inandırıcı göründü və burada mənə olan etimadı tam hiss etdim. Buna görə də bu seçimi etmək mənim üçün çox asan oldu. Ailəmlə birlikdə Azərbaycandan, buranın insanlarından, mədəniyyətindən və mətbəxindən zövq alırıq. Ümid edirəm ki, burada uzun müddət çıxış edəcəyəm”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Forvard ötən mövsüm “Şamaxı”dakı uğurlu çıxışını yeni klubunda da davam etdirmək niyyətində olduğunu vurğulayıb:
“Statistika baxımdan ötən mövsüm karyeramın ən yaxşı dövrü oldu. İndi isə ondan da yaxşı nəticə göstərməyə ümid edirəm. Hər gün öyrənmək və özümü təkmilləşdirmək üçün buradayam. “Qəbələ”də də eyni və ya daha yaxşı performans nümayiş etdirmək üçün əlimdən gələni edəcəyəm”.
Rossi komandanın hədəflərinə və çempionatdakı rəqabətə də toxunub:
“Əsas məqsədimiz “Qəbələ”ni ötən mövsümlə müqayisədə daha yaxşı mövqeyə daşımaqdır və mən də kluba bu hədəfə çatmaqda kömək etmək üçün buradayam. Bu klub turnir cədvəlində daha yüksək yerlərə layiqdir. Azərbaycan Premyer Liqası çətin çempionatdır və inanıram ki, bu mövsüm rəqabət daha da güclü olacaq. Ümid edirəm ki, bu mövsüm turnirin sürpriz komandası olacağıq”.
