Samir Abasov: “Səhvlərimiz də oldu”

Xəbərlər
16 Yanvar 2024 22:04
207
Samir Abasov: “Səhvlərimiz də oldu”

“Hava şəraitinə görə oyunun təxirə salınacağından narahat idik. Amma matç baş tutdu və proqramımızdan kənara çıxmadıq”.

İdman.biz xəbər verir ki, bunu Antalyada təlim-məşq toplanışını başa vuran “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Hazırlığın son günündə “Soqdiana” (Özbəkistan) ilə yoxlama oyununda 3:1 hesabı ilə qalib gələn komandanın çalışdırıcısı bəzi futbolçuları fərqli mövqelərdə yoxladığını deyib. Abasov toplanışdan razı qaldığını bildirib: "Plana uyğun olaraq, bu gün Antalyada son yoxlama oyunumuzu keçirdik. Bu gün bəzi futbolçuları onlara yad olan mövqelərdə yoxladıq. Bu da yoldaşlıq görüşlərinin özəlliklərindən biridir. Uşaqlar da oyuna tam köklənmişdilər. Düzdür, bir sıra səhvlərimiz də oldu. Lakin, toplanış boyu fiziki yüklənmələrin olduğunu, oyunun gedişatı zamanı verilən tapşırıqları nəzərə alsaq, hər şey normaldır.
Ümumi toplanış barədə onu deyə bilərəm ki, hər şey ürəyimizcə oldu. Komandamdan razı qaldım. Uşaqlar məşqlərdə əllərindən gələni, hətta daha da artığını etdilər. Artıq sabah Vətənə yola düşürük. Növbəti turda "Qəbələ" ilə qarşılaşacağıq ki, bu oyuna da hazırlaşmağa bir xeyli vaxtımız var".

Qeyd edək ki, “Sumqayıt” yanvarın 23-də Azərbaycan Premyer Liqasının XIX turunda “Qəbələ”nin qonağı olacaq.

İdman.biz