“Bizim əsas problemimiz futbolçuların hamısının ideal vəziyyətdə olmamasıdır”.
İdman.Biz bildirir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Torpedo” ilə oyundan sonra mətbuat konfransında deyib.
Qeyd edək ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin Sumqayıtda keçirilən ilk oyunu “Zirə”nin 3:0 hesablı qələbəsi ilə bitib.
“Cəzalı oyunçularımız var. Həmçinin zədəli oyunçularımız da var. Ondan əlavə, yeni transferlərimizin də zamana ehtiyacı var. Futbolçular əzmkarlıq göstərdilər və çətinliklərin öhdəsindən gəldilər. Cavab görüşündə daha yaxşı oynamalıyıq”, - Sadıqov bildirib.
Sadıqov cavab görüşü barədə proqnoz verməkdən çəkinib:
“Rəqibin heyətində yaxşı futbolçular var. Onlara meydanda təzyiq göstərməyə çalışdıq. Gürcüstan klubu bizdən daha hazırlıqlı idi. Hamımız birlikdə cavab görüşünə hazırlaşmalıyıq. Səfərdə daha yaxşı oyun sərgiləməyik ki, mərhələni keçən tərəf biz olaq”.
Tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
