Azər Məmmədov: “Məqsədimiz “Kəpəz”ə yaraşan xarakterli komanda qurmaqdır”

6 İyul 2026 16:59
83
Azər Məmmədov: “Məqsədimiz “Kəpəz”ə yaraşan xarakterli komanda qurmaqdır”

“Kəpəz”in yeni baş məşqçisi Azər Məmmədov rəqabətədavamlı və xarakterli kollektiv formalaşdırmağı qarşısına məqsəd qoyub.

Mütəxəssis Gəncə təmsilçisinə yenidən qayıtmaq qərarından danışarkən, şəhər sakinlərinin bu idman növünə olan böyük marağını önə çəkib.

“Kəpəz” mənim üçün adi klub deyil. Burada əvvəllər də çalışmışam və həmin dövrdə şəhərin futbola sevgisini yaxından görmüşəm. Bu dəfə təklif gələndə rəhbərliklə söhbətimiz oldu. Gələcəklə bağlı planlar, kollektivin inkişaf istiqamətləri barədə fikir mübadiləsi apardıq. Mən də gördüm ki, burada müəyyən işlər görülür və daha böyük hədəflər var. Bütün bunlar qərar verməyimdə mühüm rol oynadı. İnanıram ki, birlikdə “Kəpəz”i daha yaxşı yerlərə daşımaq üçün çalışacağıq”, - deyə o report.az-a açıqlamasında söyləyib.

A.Məmmədov qarşıda duran vəzifələri belə sıralayıb:

“Əsas məqsəd ilk növbədə rəqabətədavamlı heyət yaratmaqdır. Rəhbərlik də istəyir ki, “Kəpəz” hər oyunda əzmkar futbol nümayiş etdirsin və turnir cədvəlində daha yüksək yerlər uğrunda yarışsın. Konkret pillə və ya nəticə barədə danışmaq üçün hələ tezdir. Əvvəlcə heyəti yığmalı, hazırlıq prosesini uğurla başa vurmalıyıq. Sonra müəyyənləşdirdiyimiz məqsədlərə doğru addım-addım irəliləyəcəyik”.

50 yaşlı mütəxəssis transfer fəaliyyətinə də toxunub:

“Bu yöndə müəyyən işlər gedir. Hansı mövqelərdə güclənməyə ehtiyac olduğunu müəyyənləşdirmişik və bu yöndə danışıqlar aparılır. Ancaq hazırda konkret ad çəkmək doğru olmaz. Məqsədimiz sadəcə transfer etmək deyil, kollektivə həqiqətən fayda verəcək futbolçuları heyətə qatmaqdır. İstər yerli, istərsə də legioner bazarında araşdırmalar davam edir. İnanıram ki, hazırlıq dövrü ərzində istədiyimiz heyəti formalaşdıra biləcəyik”.

A.Məmmədov azarkeşlərin böyük gözləntilərinin məsuliyyət yaratdığını vurğulayıb:

“Mən bunu təzyiqdən çox məsuliyyət kimi qəbul edirəm. Gəncə futbol şəhəridir və burada insanlar öz sevimlilərini ürəkdən dəstəkləyirlər. Azarkeşlərin böyük gözləntilərinin olması tamamilə başadüşüləndir. Biz də çalışacağıq ki, meydanda onların etimadını doğruldan futbol nümayiş etdirək. İnanıram ki, heyətlə azarkeşlər arasında güclü birlik yaranarsa, bu, nəticələrə də müsbət təsir göstərəcək. Hədəfimiz “Kəpəz”ə yaraşan, sonadək vuruşan, xarakterli kollektiv formalaşdırmaqdır. Azarkeşlərin dəstəyi isə bu yolda ən böyük gücümüz olacaq”.

Qeyd edək ki, Gəncə klubu bir neçə gün öncə Azər Məmmədovla 1 illik müqavilə imzalayıb.

İdman.Biz