“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubuna qarşı keçirəcəyi oyuna artıq 3 mindən çox bilet satılıb”.
Bu barədə İdman.Biz-ə açıqlamasında “Sabah” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
“Sabah” rəsmisi Masazırdakı “Bank Respublika Arena”nın oyuna artıq hazır olduğunu futbolsevərlərin diqqətinə çatdırıb:
“Sabah” FK artıq səkkiz ildir “Bank Respublika Arena”ın xidmətindən istifadə edir. Stadion artıq dördüncü mövsümdür ki avrokubok oyunlarını qəbul edəcək. Bundan öncə Masazırda yerləşən arenada UEFA Konfrans Liqasının və Avropa Liqasının oyunları keçirilib və bu matçlarda kifayət qədər azarkeş dəstəyi görmüşük. İnanırıq ki, qarşıdakı avrokubok oyunlarımızda da bu dəstək davam edəcək”.
“Sabah” rəsmisi əlavə edib ki, azarkeşlərin rahat şəkildə stadiona gəlməsi üçün heç bir maneə görmür və “Sabah” FK hər il klubu dəstəkləmək üçün stadiona üz tutmaq istəyən azarkeşlər üçün arenanın yerləşdiyi məkanla bağlı məlumat xarakterli video yayımlayır.
“İnanırıq ki, TNS ilə ÇL oyununda stadionda əsl futbol atmosferinin şahidi olacağıq” - deyə Elnur Həmidov fikrini yayımlayıb.
Qeyd edək ki, “bayquşlar” tarixində ilk dəfə yarışacağı ÇL-in birinci təsnifat mərhələsində Uels təmsilçisi TNS-i iyulun 7-də qonaq edəcək. Oyun Masazırda, “Bank Respublika Arena”da baş tutacaq və 20:00-da start götürəcək. Tərəflər arasında cavab görüşü bir həftə sonra Osvestridə keçiriləcək.
