Ramon Maçado: “Azərbaycanda qalmaq istərdim” - MÜSAHİBƏ

30 İyun 2026 14:26
89
Ramon Maçado: “Azərbaycanda qalmaq istərdim” - MÜSAHİBƏ

“Azərbaycanda keçirdiyim ilk ilimdən bu günə qədər çempionatın ildən-ilə inkişaf etdiyini deyə bilərəm”.

Bunu son mövsümü “Araz-Naxçıvan” futbol klubunda keçirmiş “Neftçi” və “Qəbələ”nin sabiq hücumçusu Ramon Maçado sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Araz-Naxçıvan”dan ayrıldınız. Bu klub sizə yeni müqavilə təklif etmədi, yoxsa, şərtləri qəbul etmədiniz?

- Klub mənim müqaviləmi yeniləməkdə maraqlı deyildi. Bu, futboldur. Həyat davam edir. “Araz-Naxçıvan”da qalanlara uğurlar arzulayıram.

- Azərbaycan klublarından sizə təklif var?

- İndiyə qədər Azərbaycandan heç bir rəsmi təklif almamışam. Yalnız ilkin müzakirələr olub, amma hələ də rəsmi bir şey gözləyirəm. Çünki Azərbaycanda qalmaq istərdim.

- “Neftçi” və “Qəbələ” klublarında da oynamışdınız. Bu iki komandanın indiki durumunu necə dəyərləndirirsiniz? “Qəbələ” Premyer Liqada pley-off oynayaraq qaldı. “Neftçi” isə Konfrans Liqasın vəsiqə qazandı...

- “Qəbələ”nin Premyer Liqada qalması çempionat üçün vacibdir. “Qəbələ” daim ən yaxşılar arasında olmağa layiqdir. “Neftçi” də ölkədə böyük ənənələrə malik komandadır və yenidən öz yerinə qayıdıb. Klubun nüfuzunu nəzərə alsaq, Avropa yarışlarında mübarizə aparmaq üçün hər il ilk yerlər uğrunda mübarizə aparmalıdır.

- Son mövsüm sizin üçün necə keçdi? Sizcə, ən yaxşı mövsümün məhz 2025/2026 mövsümü idi?

- Şəxsən mən mövsümün əvvəlində zədələndiyim üçün bir az məyus oldum. Konfrans Liqasını və Premyer Liqanın başlanğıcını qaçırdım. Amma rəqabət baxımından liqa çox çətin keçdi. Komanda olaraq uğursuz olduq. Fikrimcə, daha yaxşı çıxış etməli idik.

- Azərbaycan Premyer Liqasında uzun illərdir ki, oynayırsınız. Çempionatın inkişaf etdiyini düşünürsünüz?

- Azərbaycanda keçirdiyim ilk ilimdən bu günə qədər çempionatın ildən-ilə inkişaf etdiyini deyə bilərəm. Premyer Liqa daha da rəqabətlidir.

- Legioner limiti ləğv edildi. “Sabah” çempion oldu. “Qarabağ” yeni mövsüm dominantlığını geri qaytara biləcək, yoxsa, bundan sonra Azərbaycan Premyer Liqasında əsas dominant “Sabah” olacaq?

- Təbii ki, ən böyük maliyyə gücünə malik komandalar ən çox seçilənlər olacaq. Legioner oyunçularla bağlı limitin aradan qaldırılması ilə rəqabətin hər mövsüm getdikcə daha da şiddətlənəcəyinə inanıram. Məncə, “Sabah”, “Qarabağ” və “Neftçi” növbəti mövsümə digərlərindən daha öndə başlayacaqlar.

İdman.Biz