“Cavid Hüseynovla əvvəllər “Qəbələ”də komanda yoldaşı olmuşuq”.
Bunu “Araz-Naxçıvan”la müqaviləsini yeniləyən Ülvi İsgəndərov komandada qalmaq qərarı, yeni baş məşqçi Cavid Hüseynovla bağlı fikirləri və qarşıdakı mövsümdən gözləntiləri barədə İdman.Biz-ə açıqlamasında deyib.
Futbolçu bildirib ki, artıq iki mövsümdür “Araz-Naxçıvan”ın şərəfini qoruyur.
Onun sözlərinə görə, ilk mövsüm uğurlu keçsə də, ikinci il həm komanda, həm də şəxsi baxımdan arzuladıqları kimi alınmayıb:
“Az oyun şansı qazandım və bu da çıxışıma təsir göstərdi. Buna baxmayaraq, klub mənə yeni müqavilə təklif etdi. Danışıqlar apardıq və qarşılıqlı razılıq əsasında əməkdaşlığımızı davam etdirmək qərarına gəldik”.
İsgəndərov yeni baş məşqçi Cavid Hüseynov haqqında da müsbət fikirlər səsləndirib. O, Hüseynovla vaxtilə “Qəbələ”də komanda yoldaşı olduğunu xatırladaraq, onun futbola yanaşmasını və iş prinsipini yaxşı bildiyini vurğulayıb:
“Cavid Hüseynov gənc və perspektivli məşqçidir. Biz də futbolçular olaraq əlimizdən gələni edəcəyik ki, daha güclü və daha yaxşı komanda formalaşdıraq”.
Hücumçu azarkeşlərə də müraciət edib. O, istər Naxçıvanda, istərsə də Bakıda keçirilən oyunlarda tərəfdarların dəstəyinin komanda üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. İsgəndərov, həmçinin, ev oyunlarını gələcəkdə Naxçıvanda keçirmək istədiklərini bildirib və azarkeşlərdən komandaya inanmağı xahiş edib:
“İnşallah, bu mövsüm daha güclü və daha iddialı “Araz-Naxçıvan” görəcəklər”.
