“Şahdağ Qusar”ın baş məşqçisi: “Əsas hədəfimiz Birinci Liqada çempion olmaqdır”

9 İyun 2026 16:49
125
“Şahdağ Qusar”ın baş məşqçisi: “Əsas hədəfimiz Birinci Liqada çempion olmaqdır”

“Şahdağ Qusar” futbol klubunun əsas hədəfi Birinci Liqada çempion olmaqdır”.

Bunu komandaya yeni təyin olunmuş baş məşqçi Füzuli Məmmədov deyib.

Təcrübəli mütəxəssis iddialı komanda yaratmaq istədiklərini diqqətə çatdırıb.

“Məqsədimiz çempionluq və Premyer Liqaya çıxmaqdır. Klub rəhbərliyi ilə görüşdə də əsas hədəfin bu olduğu müəyyənləşdi. Fikirlərimiz üst-üstə düşdü. İndi biz o səviyyəyə uyğun, bu hədəfi düşünən futbolçularla heyəti formalaşdırmalıyıq. İlk istəyimiz hədəfə uyğun heyət qurmaq, daha sonra isə öz oyun fəlsəfəmi “Şahdağ Qusar”da həyata keçirməkdir”, - deyə o, report.az-a açıqlamasında vurğulayıb.

O, transfer planları və komandaya cəlb olunacaq əcnəbi oyunçuların sayı barədə də məlumat verib:

“Artıq futbolçularla danışıqlar gedir. Plana uyğun olaraq heyətdə həm təcrübəli, həm də gənc, perspektivli oyunçular yer alacaq. Çünki planımız 1 illik deyil, növbəti mövsümü də düşünürük. Birinci Liqada limitə əsasən meydana maksimum 3 legioner çıxa bilər. Biz də buna uyğun heyətə ən azı 5 əcnəbi futbolçu cəlb etmək niyətindəyik”.

F.Məmmədov Birinci Liqanın ümumi səviyyəsi və “Şahdağ Qusar”ın potensialı barədə fikirlərini də bölüşüb:

“Birinci Liqada işləmək asan deyil, keyfiyyət hər il yüksəlir. Keçmişə nəzər salsaq, görərik ki, “Şahdağ Qusar” hər zaman iddialı olub, İkinci Liqada çempionluq qazanaraq bura yüksəlib. 2025/2026 mövsümündə debüt etməsinə baxmayaraq, komanda beşinci yeri tutub. Amma builki hədəf Premyer Liqa olduğu üçün daha da güclənməliyik. Bilirsiniz ki, Birinci Liqada təcrübəm böyükdür, xeyli müddət çalışmışam. Ona görə də elə heyət qurulmalıdır ki, hədəfimizə çataq”.

Komandanın hazırlıq və ev oyunlarını keçirəcəyi stadion məsələsinə toxunan mütəxəssis mövcud vəziyyəti təsvir edib:

“Rəhbərlik şəraitin yaxşı olması üçün maksimum dəstək verir. Hazırda plan belədir ki, komanda Bakıda məskunlaşacaq, məşqlərini burada keçəcək. Qusarda stadion tikilir və onun tam hazır olmasına bir az zaman lazımdır. Təmir işləri getdiyinə görə böyük ehtimalla bu il ev oyunlarımızı Şamaxı, Bakı və ya Quba stadionlarının birində keçirəcəyik”.

Füzuli Məmmədov “Karvan-Yevlax” klubundan ayrılmasının səbəbi haqqında sualı da cavablandırıb:

“Mövsümün gedişində rəhbərlik mənə komandada qalmağı təklif etmişdi. Komanda həmişəki kimi iddialı olacaqdı. “Karvan-Yevlax”ın infrastrukturu Premyer Liqa üçün tam uyğundur və rəhbərlik orada çox yaxşı işlər görüb. Lakin “Şahdağ Qusar”ın təklifi daha cəlbedici idi və fikirlərimiz bir çox məqamda üst-üstə düşdü. Birinci Liqada hər oyun çətindir. Düşünürəm ki, 4-5 komanda birincilik uğrunda ciddi mübarizə aparacaq”.

Qeyd edək ki, “Şahdağ Qusar” Füzuli Məmmədovla “1+1” illik müqavilə imzalayıb. Komanda 2025/2026 mövsümündə Azərbaycan Birinci Liqasını 43 xalla beşinci pillədə başa vurub.

İdman.Biz