“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması Avropa futbol ictimaiyyətinin diqqətini cəlb etməkdə davam edir.
İdman.Biz xəbər verir ki, Monakoda keçirilən püşkatmadan sonra Azərbaycan çempionunun gələcək rəqiblərinin nümayəndələri və həmin ölkələrin mətbuatı qarşıdakı oyunları dəyərləndirməyə başlayıb. Turnirin debütantına münasibət isə fərqli olub - maraq və ehtiyatlı yanaşmadan tutmuş, məhz Bakı klubuna qarşı matçın ən asan görüşlərdən biri olacağına əminliyədək.
Xatırladaq ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsində səkkiz oyun keçirəcək. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda evdə İspaniyanın “Barselona”, Dortmund “Borussiya”sı, İtaliyanın “Napoli” və Praqanın “Slaviya” komandalarını qəbul edəcək. Bakı klubu səfərdə isə London “Arsenal”ı, “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” klubları ilə qarşılaşacaq.
“Sabah”ın Bakıya səfər edəcək Dortmund “Borussiya”sının reaksiyası xüsusilə diqqətçəkən olub. Almaniya klubunun baş direktoru Lars Rikken “Sabah”ı ayrıca qeyd edərək, Dortmund təmsilçisinin daha əvvəl heç vaxt Azərbaycan komandası ilə qarşılaşmadığını vurğulayıb.
“AEK və Sabah FK ilə daha əvvəl heç vaxt qarşılaşmadığımız iki komanda ilə oynayacağıq. Bunun özünəməxsus cəlbediciliyi var”, - Rikken bildirib.
“Borussiya”nın baş məşqçisi Niko Kovaç isə səkkiz rəqibin hamısından danışarkən komandasının “hər birinə çox ciddi yanaşacağını” vurğulayıb. Almaniya klubunun rəsmi saytında “Sabah”la matç üçün səfər ayrıca “Xəzər dənizinə uzun səyahət” kimi xarakterizə olunub.
Azərbaycan çempionu “Sabah”ın qarşılaşacağı İspaniya təmsilçilərinin ölkəsində də böyük maraq doğurub. Belə ki, “Mundo Deportivo” Azərbaycan komandasına ayrıca material həsr edib. Yazı “Barsa ilk dəfə Azərbaycanda cəmi doqquz yaşı olan inanılmaz “Sabah” FK ilə oynayacaq” başlığı ilə dərc olunub.
Nəşr cəmi 2017-ci ildə yaradılan klubun qeyri-adi tarixçəsinə və Valdas Dambrauskasın komandasının Çempionlar Liqasının təsnifat mərhələsində keçdiyi dramatik yola geniş yer verib. Xüsusilə “Hapoel” (Beer-Şeva) ilə cavab görüşünə diqqət çəkilib. Qeyd olunub ki, “Sabah” əsas vaxtın son saniyələrində məğlubiyyətdən xilas olub, daha sonra isə əlavə vaxtda qələbə qazanıb.
İspaniyanın digər nüfuzlu nəşri AS də “Barselona”nın rəqibləri arasında “Sabah”ı xüsusi fərqləndirib. Qəzet Azərbaycan klubunu “turnirin əsas kəşfi” adlandıraraq onun tarixini ötən mövsüm Qazaxıstanın “Kayrat”ının Çempionlar Liqasındakı çıxışı ilə müqayisə edib.
Jurnalistlər doqquz yaşlı klubun Çempionlar Liqasına yüksəlməsinin Azərbaycanı yenidən Avropa futbolunun diqqət mərkəzinə gətirdiyini vurğulayıb. “Sabah”ın əsas mərhələyə vəsiqəsinin isə “Hapoel”ə qarşı “möhtəşəm geridönüş” sayəsində mümkün olduğu qeyd edilib.
“Vilyarreal”ın rəqiblərindən bəhs edən materialında AS “Sabah”ı “başgicəlləndirici yüksəliş yaşayan azərbaycanlı debütant” kimi xarakterizə edib. “Sarı sualtı qayıq” ləqəbli klubun prezidenti Fernando Roig püşkatmadan sonra komandasına düşən rəqiblərin ümumilikdə yüksək səviyyədə olduğunu bildirib və “Vilyarreal”ın Çempionlar Liqasındakı əvvəlki uğursuz çıxışından nəticə çıxarmasının vacibliyini vurğulayıb.
Lakin hazırda “Sabah”a münasibətdə ən yumşaq yanaşma İtaliyada müşahidə olunur. “Il Fatto Quotidiano” “Napoli”nin püşkünü təhlil edərkən Azərbaycan komandasını birbaşa “Zoluşka” adlandırıb. Nəşrin fikrincə, Neapol klubunun İngiltərə nəhəngləri ilə keçirəcəyi oyunları nəzərə almasaq, onun təqvimi kifayət qədər əlverişli görünür.
Hətta italiyalı jurnalistlər “Sabah”a səfəri “Napoli” üçün əsas mərhələdəki “ən asan oyun” adlandırıblar. Bununla belə, həmin nəşrin başqa bir materialında Azərbaycan klubunun sensasiyalı yolu ətraflı işıqlandırılıb. 9 yaşlı komandanın tarixini “nağıl” adlandıran jurnalistlər “Hapoel”ə qarşı inanılmaz geridönüşü də xatırladıblar.
“Sky Sport Italia” da “Napoli”nin püşkünü uğurlu hesab edir. İtaliya telekanalı “Napoli”nin yer aldığı dördüncü səbəti komanda üçün “əlverişli” adlandırıb. Buna səbəb isə Massimiliano Alleqrinin rəhbərlik etdiyi komandaya həmin səbətdən “Vikinq”lə ev oyunu və “Sabah”la qarşılaşmaq üçün Bakıya səfərin düşməsidir.
Beləliklə, əsas mərhələ başlamamış Azərbaycan çempionuna müxtəlif ölkələrdə münasibətin xeyli fərqli olduğu görünür. Almaniyada tamamilə yeni rəqib və uzaq səfər diqqət çəkir, İspaniya mətbuatı klubun yaradılmasından cəmi 9 il sonra Çempionlar Liqasına yüksəlməsinə heyranlığını ifadə edir. İtaliyada isə Bakı təmsilçisinə daha az ciddi yanaşılır və “Sabah” “Napoli”nin ən əlverişli rəqiblərindən biri hesab olunur.
Əlavə edək ki, “Arsenal”, “Mançester Yunayted”, “Barselona”, “Slaviya” və “Vikinq” klublarının nümayəndələri püşkatmadan sonra birbaşa “Sabah” barədə hələlik ictimaiyyət qarşısında fikir bildirməyiblər. Onlar rəqibləri və qarşıdakı əsas mərhələ ilə bağlı yalnız ümumi dəyərləndirmələrlə kifayətləniblər.
