Kiprin “Pafos” klubunda çıxış edən Azərbaycanın U-21 millisinin futbolçusu Murad Məmmədov zədəsini bərpa edir.
İdman.Biz Kiprin “Goal News” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu hazırda reabilitasiya proqramı keçir.
Zədə səbəbindən komandasının son oyunlarında iştirak edə bilməyən Məmmədovun yaxın həftələrdə məşqlərə qayıtması gözlənilir.
Qeyd edək ki, Murad Məmmədov zədədən əvvəl sonuncu dəfə avqustun 13-də Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Zaltsburq”a qarşı meydana çıxıb. O, 82-ci dəqiqədə oyuna daxil olub və iki dəqiqə sonra - 84-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.
Lakin qarşılaşmadan sonra onun vəziyyəti narahatlıq yaradıb. Məmmədov oyunun sonunda meydanı komanda yoldaşlarının köməyi ilə tərk edib və sağ ayağının üzərinə basa bilməyib.

Bundan sonra futbolçu tibbi müayinədən keçib. Müayinələrin nəticələrinin ciddi olmadığı bildirilib və onun məşqlərə tədricən qayıtması gözlənilib. Buna baxmayaraq, Məmmədov “Pafos”un son oyunlarında iştirak etməyib. Hazırda futbolçunun nə vaxt tam hazır olacağı ilə bağlı dəqiq məlumat yoxdur.
