“Sumqayıt”dan ayrılan Saşa İliç “Partizan”la danışıqlar aparır

8 İyun 2026 16:06
127
“Sumqayıt”dan ayrılan Saşa İliç “Partizan”la danışıqlar aparır

“Sumqayıt”dan ayrılan Saşa İliç özünə yeni klub tapıb.

Bu barədə məşqçi özü məlumat verib.

Serbiyalı bildirib ki, hazırda Belqrad təmsilçisi “Partizan” ilə müqavilə məsələlərini müzakirə edir.

“Hazırda sözləşmə imzalamağa hazırlaşırıq və buna görə bir az məşğulam”, - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Saşa İliç ötən ilin yayında “Sumqayıt”ın baş məşqçisi postuna təyin edilmişdi. Mövsüm başa çatan kimi isə o, klubdan ayrılmışdı.

“Partizan”ı isə son olaraq Srdan Blaqoyeviç çalışdırıb. O, uğursuz nəticələrə görə mövsümün sonunda postundan ayrılıb.

“Partizan” yetirməsi olan İliç karyerasına burada başlayıb, müxtəlif vaxtlarda burada 17 il peşəkar futbol oynayıb. 2005-ci ildə “Qalatasaray”ın 2 milyon avroya transfer etdiyi hücumçu İspaniya, Avastriya, Yunanıstan klublarında çıxış edib, yekunda Belqrada dönərək karyerasını bitirib.

48 yaşlı mütəxəssis Serbiyanın müxtəlif yığmalarında köməkçi və baş məşqçi olub.

İdman.Biz