“Qarabağ” yay transfer pəncərəsində heyətinə qatacağı ilk futbolçunu müəyyənləşdirib.
İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi Kiprin “Omoniya” (Aradipu) klubunda çıxış edən Jali Muaddibi transfer etməyə hazırlaşır.
Bildirilir ki, fransalı vinger yeni mövsümdən etibarən Azərbaycan çempionunun formasını geyinəcək.
Məlumatı Nikosiya təmsilçisinin baş meneceri Giorqos İrakleus də təsdiqləyib. O qeyd edib ki, 25 yaşlı futbolçu ilə “Qarabağ” arasında artıq tam razılıq əldə olunub.
Baş menecerin sözlərinə görə, Muaddib bir neçə ay əvvəl “Qarabağ”dan təklif alsa da, mövsümün sonuna qədər komandasında qalaraq klubunun liqada yerini qorumasına kömək etmək istəyib.
Cari mövsümdə Kipr klubunun heyətində 31 matça çıxan vinger 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun müqaviləsi yayda başa çatacağı üçün o, “Qarabağ”a azad agent kimi qoşulacaq.
İrakleus həmçinin qeyd edib ki, müqavilədə müəyyən maliyyə detalları olsa da, klub futbolçunun transferinə mane olmayacaq.
