Rəşad Məcidlə Balakişi Qasımov “Qarabağ”a görə “atışdı” - FOTO

23 Aprel 2026 14:45
223
Rəşad Məcidlə Balakişi Qasımov “Qarabağ”a görə “atışdı”

Azərbaycan futbolunda diqqət çəkən “Qarabağ” - “Sabah” rəqabəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, mövzu ilə bağlı müxtəlif ictimai şəxslər fikirlərini bölüşüblər.

Onlardan biri də Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid olub.

O, “Facebook” hesabında “Sabah”ın nəticələrinə münasibət bildirərək qeyd edib ki, “Qarabağ”ın Avropadakı uğurları daha geniş ictimai rezonans doğurub və bu, komandanın adı və tarixi ilə bağlıdır. Onun sözlərinə görə, “Qarabağ” həm də simvolik məna daşıyaraq xüsusi emosional dəyər qazanıb.

Bu fikirlərə "Sabah"ın sabiq idarəçisi, AFFA-nın vitse-prezidenti Balakişi Qasımov da reaksiya verib. O, ironik şəkildə təklif edib ki, çempion olan komanda bir mövsüm “Qarabağ” adı ilə çıxış etsin.

Rəşad Məcid isə cavabında “Sabah” adının gözəl olduğunu vurğulayıb və komandanın adının “Sabah-Bakı” kimi təqdim olunmasının daha çox emosional bağ yarada biləcəyini qeyd edib.

Qeyd edək ki, “Sabah” Azərbaycan Kubokunda “Qarabağ”ı mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Premyer Liqada isə “Sabah” liderdir, “Qarabağ” isə ikinci pillədə qərarlaşıb və komandalar arasında 13 xal fərq var.

İdman.Biz