Arif Əsədov: “İsayev üçün “Qarabağ”da “Sabah”dakı kimi rahatlıq olmayacaq”

Müsahibə
5 Yanvar 2024 14:04
1 007
Arif Əsədov: “İsayev üçün “Qarabağ”da “Sabah”dakı kimi rahatlıq olmayacaq”

"Qarabağ" bu gün Azərbaycanın top komandasıdır. Hər bir futbolçu bu klubda oynamaq istəyər".

Bunu İdman.bizə futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Aleksey İsayevin "Sabah"dan "Qarabağ"a keçidini dəyərləndirib. Bakı təmsilçisinin sabiq çalışdırıcısı bildirib ki, bu transfer 28 yaşlı yarımmüdafiəçinin karyerası baxımından irəli atılan addımdır: "Yəqin ki, dəyişiklik futbolçunun öz istəyidir. O, ölkəmizdə öncə "Sumqayıt"a gəlmişdi. 2 il sonra "Sabah"a keçdi və 3 il də burada oynadı. Keyfiyyətlərini bir qədər də artırmaq, irəli getmək baxımından düzgün qərar verib".

Əsədov bu transferin "Sabah"a mənfi təsir edəcəyi qənaətindədir: "İsayev bakılıların lider futbolçularından idi. Vitse-kapitan kimi komandanı arxasıyca apara bilirdi. Bu baxımdan gedişi kluba təbii ki, təsir edəcək. Amma əvəzolunmaz da yoxdur. Yəqin ki, klubun məşqçilər korpusu hər şeyi ölçüb-biçib razılıq veriblər. Bir futbolçunun eyni klubda daim qalması çətindir. Bir müddət "Sabah" onun yoxluğunu hiss edəcək, amma sonra keçib gedəcək".

53 yaşlı mütəxəssisin sözlərinə görə, Aleksey "Qarabağ"da möhkəmlənmək üçün çox çalışmalıdır: "Qurban Qurbanov hər zaman transferlərə həssas yanaşır. Futbolçuların keyfiyyətlərinin nə dərəcədə kluba uyğun olduğunu ölçüb-biçir. İsayevin ora gəlməsi gələcək planlar baxımından düşünülmüş bir addımdır. Komandanı gücləndirəcək. Aleksey üçün "Sabah"dakı kimi rahatlıq olmayacaq. O, mövqeydə rəqabət güclüdür. Həm yerli, həm legioner oyunçuları var. Gərək 2 qat mübarizə aparsın. "Qarabağ" ola bilsin ki, limit baxımından bu transferi edib. İndi o mövqeydə daha çox legionerlərdir".

Qeyd edək ki, "Qarabağ" Aleksey İsayev ilə 3,5 illik müqavilə imzalayıb.

Emin Ağa
İdman.biz

Məqalədə: