“Qarabağ”ın rusiyalı qapıçısı: “Azərbaycan mətbuatını oxumuram”

Xəbərlər
1 Yanvar 2024 21:14
1 621
“Qarabağ”ın rusiyalı qapıçısı: “Azərbaycan mətbuatını oxumuram”

“Almaniya və Azərbaycanda yerli mətbuatı oxumamışam”.

İdman.biz xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlama verən “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

32 yaşlı qolkiper Azərbaycan və Rusiyada azarkeşlərin daha tələbkar olduğunu bildirib. Lunyov bu baxımdan Almaniyada vəziyyətin fərqli olduğunu qeyd edib: “Prinsipcə, hər yerdə təzyiqlər eynidir. Məncə, almanlar futbola daha loyal yanaşırlar. Azərbaycan və Rusiyada azarkeşlər daha tələbkardır, ola bilər, bu, sovet mentalitetindən irəli gəlir. Qələbə qazananda səni əllərinin üstündə gəzdirirlər, elə ki, 1-2 səhv etdin, dərhal zirvədən endirirlər. Rusiyada belə idi və indi də davam edir. “Qarabağ”dakı komanda yoldaşlarımın dediyinə görə, Azərbaycanda da vəziyyət eynidir”.

Qeyd edək ki, yayda “Qarabağ”a keçən Lunyov 2024-cü il iyunun 30-dək müqavilə imzalayıb. O, komandanın heyətində meydana çıxdığı 15 oyunda 14 qol buraxıb.

İdman.biz