Ukraynalı futbolçu: “Yuri Vernidubun gəlişindən sonra “Neftçi” böyük bir ailəyə çevrilib”

2 Aprel 2026 16:20
144
Ukraynalı futbolçu: “Yuri Vernidubun gəlişindən sonra “Neftçi” böyük bir ailəyə çevrilib”

“Hazırda “Neftçi”də oyun intizamı və komanda ruhu əvvəlki dövrlərlə müqayisədə xeyli güclənib”.

Bu sözləri “Neftçi”nin ukraynalı futbolçusu Andrey Ştoqrin deyib.

Yarımmüdafiəçi bildirib ki, həmyerlisi olan baş məşqçi Yuri Vernidubun komandaya gəlişindən sonra oyunda və kollektivdə ciddi dəyişikliklər baş verib.

“İlk növbədə komanda ruhu və atmosfer dəyişib. Hazırda hamının bir-birini dəstəklədiyi böyük bir ailəyə çevrilmişik. Bu da nəticələrə birbaşa təsir göstərir”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Futbolçu komandanın qarşısına qoyduğu əsas məqsədin avrokuboklara vəsiqə qazanmaq olduğunu vurğulayıb: “Bu, bizim üçün əsas hədəfdir. Hər məşqdə və hər oyunda bu məqsəd üçün çalışırıq. İnanıram ki, bu yolda uğur qazana bilərik”.

O, çempionatdakı fasilənin əhəmiyyətinə də toxunub: “Bu dövrdə fiziki hazırlığı və oyun ritmini qorumaq çox vacibdir. Eyni zamanda, futbolçular üçün qismən istirahət etmək və qarşıdakı matçlara daha yaxşı hazırlaşmaq imkanı yaranır. Fasilədən maksimum faydalanmağa çalışırıq”.

Üç gün sonra 26-cı turda “Sumqayıt”la qarşılaşacaqlarını xatırladan A.Ştoqrin görüşün çətin olacağını qeyd edib: “Bu komanda ilə qarşılaşmalar hər zaman gərgin və maraqlı keçir. Buna baxmayaraq, biz öz oyun planımıza sadiq qalacaq və məqsədimizə çatmaq üçün meydana qələbə əzmi ilə çıxacağıq”.

Qeyd edək ki, “Neftçi” hazırda Premyer Liqada 37 xalla altıncı pillədə qərarlaşıb.

İdman.Biz