“Mövsümə başlayarkən əsas hədəfimiz ilk altılıqda yer almaq idi. Lakin hazırkı vəziyyətdə prioritetimiz liqanı tərk etməməkdir. Turnir cədvəlində səkkizinci pillədə qərarlaşmağımız indiki şəraitdə bizi qane edir”.
Bu sözləri İkinci Liqada çıxış edən “Kür-Araz”ın baş məşqçisi Səfər Atakişiyev bildirib.
Mütəxəssis son turda “Xankəndi”yə 0:14 hesablı ağır məğlubiyyəti də şərh edib.
“Əsas heyət oyunçularımız bu matçda iştirak etmədiyi üçün hesab belə alındı. Hətta kapitanımız Elnur Məmmədov oyunda iştirak etmirdi. Bu, bizim üçün çox ağır və üzücü məğlubiyyət oldu. Kimə qarşı oynadığımızı bilirdik - rəqib turnir cədvəlinin lideridir. Buna baxmayaraq, uduzmaq istəmirdik. Sadəcə, mövcud heyətimiz bu idi. Meydana çıxanlar gənc futbolçular idi, əllərindən gələni etdilər, amma yetərli olmadı. Uğursuz bir gün keçirdik”, - deyə o, futbolinfo.az-a açıqlamasında deyib.
S.Atakişiyev ağır məğlubiyyətin üzərində dayanaraq, komandasının qarşıdakı oyunlara hazırlaşması üçün planlarını açıqlayıb:
“Bundan sonra ciddi dəyişiklik etmək imkanımız da məhduddur, çünki gücümüz budur. Amma heç olmasa, məşq prosesində müəyyən yeniliklər etməyə çalışacağıq. Bu acı məğlubiyyəti unutmaq üçün hər bir futbolçu ilə ayrıca danışıb, qarşıdakı “Şəmkir” oyununun hazırlığına başlayacağıq. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı nəticə əldə edərik”.
