“Qarabağ”ın təmsilçiləri Lissabonda beynəlxalq tədbirdə iştirak ediblər

25 Mart 2026 21:02
100
“Qarabağ”ın təmsilçiləri Lissabonda beynəlxalq tədbirdə iştirak ediblər

Portuqaliyanın paytaxtı Lissabon şəhərində EFC-nin Kommersiya, İnnovasiya və Azarkeş Qrupları Bağlantısı (Commercial, Innovation and Fans Club Connect) tədbiri keçirilib.

İdman.Biz bildirir ki, tədbirdə “Qarabağ” Futbol Klubunun, eləcə də Avropa Futbol Klubları İdarə Heyətinin üzvü Asif Əsgərov, marketinq və kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev və əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev iştirak ediblər.

Toplantı Avropa futbolunda kommersiya, innovasiya və azarkeş əlaqələrinin inkişafına həsr olunub.

Lissabonda təşkil olunan tədbirin əsas məqsədi futbol klublarının davamlı maliyyə artımını təmin etməsi, rəqəmsal transformasiyaya uyğunlaşması və azarkeşlərlə daha güclü bağ qurması istiqamətində təcrübə mübadiləsinin aparılmasıdır.

Beynəlxalq platforma kimi təşkil olunan görüşdə aparıcı Avropa klublarının rəhbərləri, kommersiya və marketinq mütəxəssisləri, eləcə də texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər. Panel müzakirələrində azarkeş bağlılığı, qlobal tərəfdaşlıqlar, bilet satışı texnologiyaları və stadion təcrübəsinin inkişafı kimi mövzular ön plana çıxıb.

“Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov “Tərəfdar Bağlılığı Yaratmaq - Xallar və İmtiyazlardan Kənar” panelində təqdimatla çıxış edib. O, “Qarabağ”ın mobil tətbiqi, son dövrlərdəki inkişafı, həmçinin loyallıq haqqında danışıb, müasir futbol klubları üçün əsas istiqamətlərdən biri azarkeşlərə real dəyər təqdim etmək və onlarla uzunmüddətli emosional bağ qurmaq olduğunu vurğulayıb. Əsgərov bildirib ki, düzgün qurulan azarkeş strategiyası klubun həm brend dəyərinə, həm də kommersiya gəlirlərinə müsbət təsir göstərir.

Əlavə olaraq, “Qarabağ” FK-nın “Blocksport” ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələr azarkeşlərlə rəqəmsal əlaqələrin daha da gücləndirilməsinə imkan yaradıb. Bu tərəfdaşlıq sayəsində azarkeşlər üçün yeni loyallıq imkanları, interaktiv xidmətlər və fərdiləşdirilmiş təcrübələr təqdim olunur ki, bu da klubun innovativ inkişaf strategiyasının mühüm hissəsini təşkil edir.

İdman.Biz