“Neftçi”nin yarımmüdafiəçisi Murad Məmmədov növbəti mövsümdən legioner həyatı yaşayacaq.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu karyerasını Kiprdə davam etdirəcək.
Çünki “ağ-qaralar”ın “Pafos” klubu ilə danışıqları, nəhayət ki, müsbət nəticələnib. Kipr yüksək liqa təmsilçisi oyunçunun transferi üçün “Neftçi” rəhbərliyinin razılığını alıb.
Bu keçid Bakı klubuna böyük gəlir qazandırmasa da, müəyyən təzminat məbləği ödəniləcək. Məmmədovun yayda “Pafos”a keçəcəyi artıq dəqiqləşib və yalnız münasibətləri rəsmiləşdirərək açıqlamaq qalıb. Müqavilə 3 illik nəzərdə tutulub.
“Pafos” hazırda davam edən Kipr çempionatında 26 turdan sonra 51 xalla 4-cü pillədə qərarlaşır. Tanınmış ispaniyalı mütəxəssis Albert Seladesin baş məşqçisi olduğu pafoslular ötən mövsüm tarixində ilk dəfə Kipr çempionu olub. Heyəti əsasən legionerlərdən qurulan komanda bu mövsüm Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanmağı bacarıb və buradan pley-offa yalnız top fərqinə görə yüksələ bilməyib.
Qeyd edək ki, Murad Məmmədov U-21 millimizin üzvüdür. O, son illər Kiprdən “Neftçi”yə gələn çoxsaylı legionerlərin əvəzinə əks-marşrutla yollanacaq.
