“Şamaxı”nın müdafiəçisi: “Yayda nə olacağını birlikdə görəcəyik” - MÜSAHİBƏ

20 Mart 2026 10:52
127
“Şamaxı”nın müdafiəçisi: “Yayda nə olacağını birlikdə görəcəyik” - MÜSAHİBƏ

“Araz-Naxçıvan”la evdə oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizin önündə uğurlu nəticəyə imza ataq. Qələbə qazanmaq istəyirik”.

Bunu “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Şamaxı” çempionatda son beş turda məğlub olmayıb. Komanda hazırda ən ideal formasındadır?

– Düzdür, beş turdur uduzmuruq. Yaxşı formadayıq, amma bundan da yaxşı ola bilərik. Bunun üçün məşqlərdə əlimizdən gələni edirik. Məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyirik.

– Növbəti turda “Araz-Naxçıvan”ı qəbul edəcəksiniz. Şansları necə dəyərləndirirsiniz?

– “Araz-Naxçıvan”la evdə oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizin önündə uğurlu nəticəyə imza ataq. Qələbə qazanmaq istəyirik.

– Son turlarda qeydə alınan nəticələrdən sonra hazırda “Sumqayıt”dan cəmi iki xal geri qalırsınız. “Şamaxı”nın qarşıdakı turlarda turnir cədvəlində irəliləmək şansı nə qədərdir?

– Bəli, hazırda “Sumqayıt”dan iki, “Araz-Naxçıvan”dan isə altı xal geri qalırıq. Hər oyuna qələbə üçün çıxırıq. İstəyirik ki, turnir cədvəlində daha yaxşı pillədə qərarlaşaq.

– “Şamaxı”nın aparıcı üzvlərindən birisiniz. Azərbaycandan və ya ölkə xaricindən daha iddialı klublardan təklif almısınız?

– “Şamaxı” ilə müqaviləmin sonuna üç ay qalıb. Yayda nə olacaqsa, bir yerdə görəcəyik. İndidən konkret bir söz deyə bilmərəm.

– Əsas millinin qarşıdakı toplanışına dəvət gözləyirsiniz?

– Əlbəttə, millidən dəvət gözləyirəm. Hər bir futbolçunun arzusudur ki, öz yığma komandasında çıxış etsin. Mənim də arzum budur. Yığmaya düşmək üçün klubumun heyətində əlimdən gələnin ən yaxşısını edirəm.

– Yığmamızın Millətlər Liqasındakı rəqibləri Litva və Lixtenşteyn olacaq. Komandamız C liqasına qayıda biləcək?

– Millətlər Liqasındakı rəqiblərimiz məlumdur. Qrupda dörd oyun keçirəcəyik. Hər birində qələbə qazanaraq qrup birincisi olmaq istəyirik. C liqasına yüksəlmək fikrindəyik.

İdman.Biz