“Bu turnir ikinci dəfədir ki, Azərbaycanda təşkil olunur. Hər bir oyun yoldaşlıq xarakteri daşıyır”.
Bunu Azərbaycan millisinin və “Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasov report.az-a müsahibəsində deyib.
Mütəxəssis ölkəmizdə keçiriləcək “FIFA Series–2026” turniri ilə bağlı fikirlərini bölüşüb. O, milliyə yeni futbolçuların dəvət olunacağını və Millət Liqasına ciddi şəkildə hazırlaşdıqlarını deyib.
Həmin müsahibəni təqdim edirik.
- Qarşıdan “FIFA Series–2026” turniri gəlir. Yarışla bağlı ümumi düşüncələriniz necədir?
- Bu turnir ikinci dəfədir ki, Azərbaycanda təşkil olunur. Hər bir oyun yoldaşlıq xarakteri daşıyır. Başqa-başqa qitələrdən olan komandalar bir-biri ilə üz-üzə gəlirlər. Bizim üçün də 2026-cı ildə ilk sınaq olacaq. Turnirə ciddi hazırlaşacağıq. Milli fasilə az-az olduğu üçün bu fasilədən maksimum istifadə etməyə çalışacağıq.
- Turnirdə millimizdən hansı nəticələri gözləmək olar?
- Əlbəttə ki, yalnız qələbə gözləyəcəyik. Çünki buradakı qarşılaşmalar reytinq xalları baxımından da vacibdir. İnanırıq ki, hər iki matçda qələbə bizim olacaq.
- Yaxın Şərqdə baş verən məlum hadisələrə görə Oman millisinin Bakıya gəlişi sual altındadır. Bu cür olarsa, başqa hansı yığmanın gəlişi gözlənilir?
- Mən də eşitmişəm ki, belə bir söhbət var. Amma hələ dəqiq heç nə yoxdur. Gəlməsələr, o zaman mövcud duruma baxılacaq. Hələ ki, bu barədə dəqiq informasiya yoxdur.

- “FIFA Series-2026” turniri daha çox heyəti yenidən formalaşdırmaq, yoxsa Millətlər Liqasına hazırlıq xarakteri daşıyır?
- İlk növbədə Millətlər Liqasına hazırlaşırıq, əsas hədəf budur. Misli Premyer Liqası yaxından izlənilir və formada olan futbolçular nəzarət altındadır. Yaxşı formada olan futbolçulara şans verməyi düşünürük. Heyətdə yeni adlar olacaq.
- Yığma dünya çempionatının seçmə mərhələsində buraxdığı hansı səhvləri təkrarlamamağa çalışacaq?
- Belə deyək, dünya çempionatının seçmə mərhələsində rəqiblərimiz tam başqa idi. Əslində, güclü rəqiblərə qarşı yaxsi mübarizə apardıq. Hərəsi ilə 2 dəfə olmaqla Fransa, Ukrayna və İslandiya kimi millilərlə qarşılaşdıq. Elə komandalara qarşı oynamaq çox çətindir. Həmin seçmə mərhələdə böyük təcrübə toplamışıq. Bu təcrübədən Millətlər Liqasında yaxşı mənada istifadə edəcəyik.

- Az əvvəl qeyd etdiniz ki, heyətdə yeni simalar görə biləcəyik. Bu barədə ətraflı danışa bilərsiniz?
- Sürpriz nəsə deyə bilmərəm. Amma yeni adlar olacaq. İstəyirik ki, yığmanın heyəti geniş olsun. Çünki heyət geniş olanda, rəqabət də çox olur və belədə daha yaxşı çıxışa şahidlik etmək olar.
- “FIFA Series-2026” turnirinin bir növ yoxlama oyunları xarakteri daşıdığını nəzərəö alsaq, bütün legionerlərə dəvət göndəriləcək?
- Legioner futbolçuların da durumu müzakirə olunur. Bizi qane edən futbolçu olsa, dəvət göndəriləcək.
- Yəqin ki, millinin əsas hücumçularından sayılan Nəriman Axundzadənin ABŞ-yə yeni getməsi nəzərə alınacaq...
- Nərimanın durumu fərqlidir. O, son 1 ayda klubsuz qaldı və fərdi məşqlər edirdi. Amerikaya yeni gedib və komandasının düşərgəsinə təzə qoşulub. İstəyirik ki, Nəriman orada daha da möhkəmlənsin. Komandanın düşərgəsində qalmaq daha məsləhətlidir. Lakin bildirməliyəm ki, o, yığmanın əsas futbolçularından biridir. Nəriman böyük potensiala malikdir. İnanıram ki, yay toplanışında və Millətlər Liqasında bizə lazımi formada kömək edəcək.
- Ötən gün U-20 millisinin yeni baş məşqçisi Ruy Jorjenin təqdimatı oldu. Onun gəlişi barədə nə deyə bilərsiniz?
- Onun gəlişinin səbəbi bəllidir. Ruy Jorje komandanı sırf U-20 dünya çempionatına hazırlayacaq. Böyük, məsuliyyətli iş üçün ölkəmizə gəlib. İnanırıq ki, onun rəhbərliyi ilə yığma yaxşı nəticələr əldə edəcək. Bizə isə ona ancaq uğurlar arzu etmək qalır.
