“Kəpəz”in Azərbaycan Kubokunun 1/4 finalının “Turan Tovuz”la cavab qarşılşamasında standart vəziyyətlərdən buraxdığı qollar baş məşqçi Azər Bağırovu məyus edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bunu matçdan sonra mətbuat konfransında deyib.
“Neçə vaxtdır təhlil etdiyimiz standart vəziyyətlərdən iki qol buraxmağımız adamı məyus edir. Qarşıda “Turan Tovuz”la çempionat matçı var, ona hazırlaşacağıq. Azarkeşlərimizin qarşısında ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. Standart vəziyyətlərlə bağlı iş daha çox qapıçı və qapıçı məşqçisinin üzərinə düşür. Belə hallarda nəyisə demək çətindir”, - Bağırov bildirib.
Mütəxəssis komandanın fiziki durumu ilə bağlı sualı cavablandırıb: “Heç bir problem yoxdur. Komandamızda əzələ zədəsi mövcud deyil. Sadəcə, Mahamadu Banın çiynində köhnə xroniki problem var. Bu səbəbdən onu start heyətində oynatmadıq”.
Azər Bağırov “Kəpəz”lə müqaviləsini uzadıb-uzatmayacağı məsələsinə də toxunub: “Hər şey may ayında bəlli olacaq. Komandanı sıfırdan yığsam, Gəncədə oynamaq mənim üçün asan olacaq”.
Qeyd edək ki, Yevlax şəhər stadionunda baş tutan görüş “Turan Tovuz”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında ilk matçda Tovuz təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələmişdi.
