“Klubun içində motivasiya yüksək səviyyədədir”.
İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl “Nyukasl”la oyun öncəsi jurnalistlərə açıqlamasında deyib.
“İnsan əlindən gələni etməlidir. Biz əlimizdən gələni edəcəyik. Hamınız əmin ola bilərsiz ki, klubun içində motivasiya yüksək səviyyədədir. “Qarabağ” o qədər gözəl, müqəddəs ailədir ki... Biz savaşan komandayıq, savaşçı ruhumuz var. Çempionluq qismət olsa, Çempionlar Liqasında vuruşacağıq. Olmasa Avropa Liqasında və ya Konfrans Liqasında”.
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” – “Nyukasl” görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Klub prezidenti UEFA Çempionlar Liqasının pley-off mərhələsinə düşməyi “möcüzə” adlandırıb:
“Avropada bir çox klubların büdcəsi bizdən çoxdur. 2000-dən çox klubun arasında “24-lük”dəyik. Bu, möcüzədir. Hamımız qürurluyuq. “Qarabağ” sıx qrafiklə oynayır. Futbolçular yorğun olsalar da, motivasiya yüksək səviyyədədir. Sabahkı oyunun vacibliyini bilirik. Rəqibin büdcəsi bizimkindən bir neçə dəfə çoxdur. Nəticənin necə olacağını deyə bilmərik. Bu mərhələyə möhtəşəm baş məşqçimiz Qurban Qurbanov, futbolçular, Prezident İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik”.
Tahir Gözəl Azərbaycan Premyer Liqasındakı mübarizəyə də toxunub.
“Əgər “Qarabağ”ın hədəfi Avropadırsa, bu tempdə bir tərəfdə itki olacaq. Bu, bir faktdır, gərək bunu qəbul edək. Həm Çempionlar Liqasında, həm daxili çempionatdakı oyunlarfutbolçularımız üçün çox ağırdır. Üç güündən bir oyun keçiririk. Bunun təsiri var. Klublarımızda da inkişaf var. “Sabah”ın özü də bir möcüzədir. Möhtəşəm komanda qurublar. Çox güclü rəqibdir. “Neftçi”nin özü də. Artıq Azərbaycan Premyer Liqasında da keyfiyyət artır. Amma Qubadakı stadionun vəziyyətini görəndə insan bir az məyus olur. Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istəyiriksə, infrastruktur yaxşılaşdırılmalıdır. 3-4 il ərzində “Qarabağ”ın çox yaxşı infrastrukturu olmalıdır. Klub prezidenti kimi bu, mənim arzumdur. Digər klublar da buna səy göstərməlidir”, - o, bildirib.
