“Azərbaycanda uğurlu olmaq üçün əlimdən gələni etdim. Təəssüf ki, hər şey gözlədiyim və ümid etdiyim kimi olmadı”.
Bunu “Şamaxı”nın sabiq hücumçusu Conatan Benteke futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– İşləriniz necə gedir? Hazırda futbol sahəsində çalışırsınız, yoxsa başqa işlə məşğulsunuz?
– Hər şey qaydasındadır. Xeyr, futbol sahəsində deyiləm. “Şamaxı” ilə keçirdiyim son oyun həm də karyeramın axırıncı matçı oldu. “Şamaxı”dan ayrıldıqdan sonra futbol oynamadım və karyeramı bitirdim. Hazırda şəxsi və ailə bizneslərimizə fokuslanmışam, şirniyyat mağazası açmışıq.
– Azərbaycandakı futbol karyeranız niyə cəmi altı ay çəkdi?
– Azərbaycanda uğurlu olmaq üçün əlimdən gələni etdim. Təəssüf ki, hər şey gözlədiyim və ümid etdiyim kimi olmadı. Bu, nə “Şamaxı” ilə, nə də Azərbaycanla bağlıdır. Azərbaycan çox gözəl ölkədir. Sadəcə, altı aydan sonra klub getməyimi istədi, mən də ayrıldım.
– “Şamaxı”dan ayrıldığınız dönəmdə və ya ondan sonra sizinlə maraqlanan, təklif göndərən klub olmadı?
– Müxtəlif yerlərdən təkliflər aldım, amma heç biri bizneslərimlə müqayisədə məni kifayət qədər maraqlandırmadı. Ona görə də diqqətimi biznesə yönəltməyə üstünlük verdim.
– “Şamaxı”nın cari mövsümdəki çıxışını izləyirsiniz? Sabiq komandanız Azərbaycan Kubokunun 1/4 mərhələsinin ilk oyununda “Qarabağ”ı 2:1 hesabı ilə üstələməyi bacardı…
– Xəbərim yox idi. “Şamaxı”nı, ümumiyyətlə, futbolu izləmirəm. Yalnız qardaşım Kristian Bentekenin karyerasını diqqətdə saxlayıram.
– “Şamaxı”da bir yerdə oynadığınız futbolçulardan kimlərlə əlaqəniz, ünsiyyətiniz qalıb?
– Leroy Mikels və Brahim Konate ilə yaxşı münasibətim var. Hər ikisi yaxın dostumdur və çox yaxşı insanlardır.
– Azərbaycan çempionatında bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar hansılar idi?
– Məncə, Azərbaycan Premyer Liqası gələcəkdə daha da inkişaf edəcək yaxşı bir liqadır. Şəxsən məndən çempionatınız haqda soruşan insanlar olub. Maraqlanan futbolçulara Azərbaycana gedib özlərini göstərmələrini tövsiyə etmişəm.
