Vüsal İsgəndərli: “Ermənilər ona yazırdılar ki, sizdə necə azərbaycanlı futbolçu oynaya bilər?” - MÜSAHİBƏ

Müsahibə
23 Dekabr 2023 12:23
2 118
Vüsal İsgəndərli: “Ermənilər ona yazırdılar ki, sizdə necə azərbaycanlı futbolçu oynaya bilər?” - MÜSAHİBƏ

Albaniyanın "Eqnatiya" klubunun şərəfini qoruyan azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin İdman.biz saytına müsahibəsi

- Albaniya Superkubokunda "Partizan"a 0:1 hesabı ilə məğlub olduz. 90 dəqiqə meydanda olsan da, qol vura bilmədin. Səncə, qalib gəlməyinizə nə mane oldu?

- Əslində, çox adi bir qol buraxdıq. Səhvə yol verən qapıçı Albaniyada ən güclülərdən sayılsa da, bu matçda istəmədən topu qapısında gördü. Fərqlənmək üçün epizodumuz oldu. Penaltini də qaçırdıq. Oyun əvvəldən axıra kimi üstünlüyümüz şəraitində keçsə də, uduzduq. Məndə də yaxşı imkan oldu, amma istifadə edə bilmədim. Əgər uduzmuşuqsa, oyunumu yüksək dəyərləndirməyəcəm. Qalib gəlib kuboka sahib olmaq istəyirdik. Təəssüf ki, alınmadı.

- Sabah Albaniyada dövrənin son matçına çıxacaqsız. Rəqib "Tirana"dır. Turnir cədvəlində birincisiz və bu oyundan gözləntiniz nədir?

- Çox yaxşı heyətimiz var. Çempion ola bilərik. Məqsədimiz budur. Uğurlu idarəetmə çıxışımıza təsir edir. Klubun çox yaxşı prezidenti var. Futbolçu üçün ən önəmli olan maddi durumdur. Bu barədə də problemimiz yoxdur. Klub rəhbəri də daim problemlərimizi həll etməyə çalışır. Bu həqiqətən də çox önəmlidir.

- Klub çox böyük itki yaşadı. Komanda yoldaşınız Rafael Dvamenanın vəfatından sonra necə toparlandız?

- Bəli, kapitanımızı itirdik. Bundan sonra çox çətin oldu. Burda yenə prezidentin üzərinə çox iş düşdü. O bizə çox böyük motivasiya verdi.

- Dvamena ilə bağlı ən yaddaqalan xatirələrin nədir?

- Kluba gəldikdən 1 həftə sonra avrokubok üçün Ermənistan səfərə yollanacaqdıq. İkimizin vizası yox idi. Bu səbəbdən də birbaşa İstanbula getdik. Klub da İstanbula gəldikdən sonra Ermənistana yollandıq. Cavab matçından sonra erməni azarkeşləri Rafaelə çox yazırdılar ki, sənin komandanda necə azərbaycanlı futbolçu oynaya bilər? O da bunları mənə dedi. Ölkələr arasında problemləri soruşdu. Ona onların vəhşiliklərini, törətdikləri cinayətləri danışdım, videolarını göstərdim. Bundan sonra ölkəmizə hörmət etməyə başladı.

- Hazırda komandanın ən məhsuldar oyunçularındansan. 17 oyuna 6 qolu uğurlu hesab edirsən?

- Daha məhsuldar ola bilərəm. Çox qol vura biləcəyimə inanıram. İnşallah, bunun üçün əlimdən gələnin artığını edəcəm.

- Albaniyada boş vaxtlarında nə edirsən? Ən çox bu ölkədə nələri bəyənirsən?

- Əvvəl burda tək qalırdım. Daha sonra klubla birlikdə oteldə qalmağa başladım. Arada komanda yoldaşlarımla Tiranaya gedirik. Film izləməyi sevdiyim üçün tez-tez kinoteatrda da oluram.

- 1 turdan sonra qış fasiləsidir. Klubda qalmaq haqqında düşünürsən?

- Bu barədə dəqiq nəsə deyə bilməyəcəm. Həm rəsmi, həm də qeyri-rəsmi təkliflər var. Daha real Türkiyə klublarına keçidimdir. Bundan başqa, Polşa, Rumıniya klubları da xidmətimdə maraqlıdır. Amma konkret ad çəkməyəcəm.

Emin Ağa
İdman.biz