Misli Premyer Liqasının 17-ci turunda “Turan Tovuz”un futbolçusu Hayderson Hurtado “Sumqayıt”la ev oyununda (2:1) həm hesabı açıb, həm də avtoqolla bərabərlik topunu vurub.
İdman.Biz Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu nadir hadisə Premyer Liqada sonuncu dəfə ötən mövsüm, 2024-cü ildə “Kəpəz” futbolçusu Orxan Əliyev tərəfindən qeydə alınıb.
O zaman “Sabah” - “Kəpəz” oyununda (2:2) O.Əliyev həm hesabı açıb, həm də avtoqolla bərabərlik topuna səbəb olub.
H.Hurtadodan əvvəl belə vəziyyətlə üzləşən sonuncu legioner isə “Neftçi”dən Mateus Saldanya olub. O, 999 gün əvvəl, 2023-cü ilin mayın 2-də “Neftçi” - “Qarabağ” görüşündə əvvəl qonaqların qapısına, sonra isə öz komandasının qapısına qol vurub.
