“Xalqımız, prezidentimiz və ordumuzla böyük qürur hissi keçirirəm”.
Bunu İdman.bizə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qarabağ” – MOİK klubları arasında Xankəndində keçirilən futbol oyununu şərh edərkən deyib.
Məşhur idmançı tarixi hadisəyə öz gözləri ilə şahidlik edə bilməməsindən təəssüfləndiyini bildirib. Hazırda Türkiyədə müalicə aldığını deyən idmançı reportajı izlədiyini vurğulayıb: “Həyacanlı anlar idi. Prezident İlham Əliyevin görüşün nəticəsindən asılı olmayaraq, qalibin bəlli olması fikri çox xoşuma gəldi”.
Zəkiyev prezidentin topa rəmzi toxunuşundan da danışıb: “Dövlət başçımızın topa rəmzi toxunuşu, həmçinin, oyunu gecikdirməmək üçün yüngül qaçışla meydandan çıxması çox xoşuma gəldi”.
Paralimpiya çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun matçdan sonra səsləndirdiyi fikirləri gözəl təşəbbüs adlandırıb: “Kubokda ev oyunlarını Xankəndində keçirmək niyyəti gözəl təşəbbüsdür. Çox sevindirici haldır ki, futbolumuz Xankəndiyə qayıdıb, işğal altında olan digər torpaqlarımızda da müxtəlif turnirlər keçirilir. Qarşıdakı oyunlarda məmnuniyyətlə iştirak edəcəm”.
Qeyd edək ki, oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.
Zəki Feyzullayev
İdman.biz
