XTQ-nin kapitanı: “Qarabağda tapşırıqları yerinə yetirərkən bu günlərin arzusu ilə yaşayırdıq”

Müsahibə
22 Dekabr 2023 14:59
274
XTQ-nin kapitanı: “Qarabağda tapşırıqları yerinə yetirərkən bu günlərin arzusu ilə yaşayırdıq”

“Xankəndində keçirdiyimiz hissləri sözlə ifadə etmək mümkün deyil”.

Bunu İdman.biz saytına Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, kapitan Əliağa Zeynalov deyib.

O bildirib ki, bir gün Xankəndidə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində izlədiyi matç “Qarabağ” – MOİK tarixə qızıl hərflərlə düşüb. Həmişə bu günlərin xəyalı ilə yaşadığını deyən Zeynalov döyüşçü kimi məhz bu anları arzu etdiyini vurğulayıb: “Qarabağda tapşırıqları yerinə yetirərkən bu günlərin arzusu ilə yaşayırdıq. Biz tarixi torpaqlarımızın qayıdacağına ürəkdən inanırdıq. Tarixi anlara şahidlik etdiyim üçün çox xoşbəxtəm. Bütün bu anlar hər bir azərbaycanlı övladı üçün əvəzolunmaz hisslərdir. Xankəndi stadionunda çox dəyərli futbol matçını izlədik. Bu oyunun qalibi cənab Prezident qeyd etdyi kimi, Azərbaycan xalqı oldu. Hətta komandaların adları da bu tarixə, oyuna və torpağımıza yaraşırdı. Qarabağ və Mərkəzi İdman Klubu Azərbaycanın rəmzlərini, eyni zamanda qüdrətini təmsil edirdi. Sonda "Qarabağ" qələbə qazansa da, MOİK adına layiq mübarizə apardı. Yəni Ordu vuruşdu, Qarabağ irəli getdi”.

Onun sözlərinə görə, azarkeşlərin sevinci, stadiondakı atmosfer çox fərqli və möhtəşəm idi: “Çox şanslıyam ki, övladımla birlikdə bu torpaqlara ayaq basaraq, tarixi matçı izlədik. Bunu bizə yaşıdan şəhidlərimizin ruhları qarşısında baş əyir, Ali Baş Komandana isə minnətdarlığımızı bildiririk. Yaşasın Azərbaycan xalqı!”.

Qeyd edək ki, Xankəndidəki tarixi oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz