“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə keçirilən yoxlama oyunundan sonra qarşılaşma və komandanın hazırlığı barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis 3:1 hesablı qələbə ilə başa çatan görüşü maraqlı qarşılaşma kimi dəyərləndirib.
O, bütün futbolçulardan istifadə edə bilmədiklərini və komandada olan oyunçulara müəyyən yük verdiklərini bildirib. Qurbanov matçın 50-60 dəqiqəsində tempin rəsmi oyunlardan heç də fərqlənmədiyini vurğulayıb.
Baş məşqçi Renaldo Sefasın vəziyyətinə də toxunub. Onun sözlərinə görə, Yamayka millisində zədələnən futbolçu sabah kluba qayıdacaq və günün ikinci yarısında tibbi müayinədən keçəcək. Bundan sonra Sefasın durumunun dəqiq bilinəcəyi qeyd olunub.
Qurbanov çempionatda yaranan uzun fasilənin komandaya təsirindən də danışıb. O, bu vəziyyətdə müsbət məqam görmədiyini deyib:
“Heyətdə oyunçular azdır və normal hazırlaşa bilmirik. Milliyə çağırılan futbolçular dörd oyun keçirirlər ki, bu da qısa müddət üçün çox böyük yükdür. Bu, təkcə bizə yox, digər komandalara da təsir edir. Bu, böyük problemdir. Sefas artıq dörd gündür qayıda bilmir. Halbuki formaya yeni düşməyə başlamışdı. Milliyə gedən digər futbolçuların da komandaya uyğunlaşması üçün daha çox vaxta ehtiyacı olacaq”.
“Qarabağ”ın çalışdırıcısı Azərbaycan millisinin Lixtenşteynlə 0:0 hesablı heç-heçəsinə və qarşıdakı Litva görüşünə də münasibət bildirib. Qurbanov müasir futbolda zəif hesab olunan komandalarla asan oyun keçirməyin mümkün olmadığını vurğulayıb:
“Bu gün futbol elə səviyyədədir ki, zəif komandalardan asan oyun gözləmək olmaz. Hamı inkişaf edir. Futbolçuların və məşqçilərin beynəlxalq təcrübəsi artıb. Heç kim asanlıqla qələbə qazanmır”.
O, daha yaxşı nəticə görmək istədiklərini qeyd etsə də, qarşıdakı oyunlara köklənməyin vacibliyini diqqətə çatdırıb. Qurbanov bildirib ki, qarşıda daha iki oyun var və komanda maksimum nəticə qazanmağa çalışmalıdır:
“Mənfi fikirlərdən qurtulub meydana çıxmalıyıq. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik və mənfi düşüncələr geridə qalacaq”.
