AFFA aşağı liqalarda rəqabətli və maraqlı oyunların sayının artacağını gözləyir.
İdman.Biz xəbər verir ki, bu barədə qurumda Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov milli assosiasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.
O, aşağı yaş qrupu üzrə liqalarda ediləcək dəyişiklikləri dəyərləndirib və gələcək planlardan bəhs edib.
“2025/2026 mövsümü başlamazdan əvvəl də belə görüşlər təşkil edilib və liqalardakı ümumi vəziyyət müzakirə olunub. Hələ o vaxt belə toplanışların yenidən keçiriləcəyi, müzakirələrin davamlı xarater alacağı və fikir mübadilələrinin aparılacağı bildirilib. Ötən ay yenidən komandalara dəvətlər göndərildi və müxtəlif tarixlərdə AFFA-nın inzibati binasında həm Premyer Liqada iştirak edən klubların, həm akademiyaların, həm digər fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən komandaların nümayəndələrinin onlayn iştirakı ilə görüşlər keçirildi. Məqsəd liqaların formatlarında edilmiş dəyişikliklərin müzakirəsi, təsiri və əlavə təkliflər idi”.
E. Cəfərov tətbiq edilmiş dəyişikliklərin nədən ibarət olduğunu açıqlayıb:
“Format dəyişikliklərində əsas məqsəd rəqabətli oyunların sayını artırmaq, böyükhesablı məğlubiyyətlərin qarşısını almaq və liqaların daha maraqlı təşkil olunması idi. Görüşlərdə aldığımız rəylərə əsasən, liqalarda rəqabətli oyunların sayı xeyli artdı və iştirakçı komandalar tərəfindən müsbət qarşılandı. Xüsusən də, Millətlər Liqası konseptində təşkil olunan U-15 Liqasının formatı böyük maraqla qarşılandı. Dəyişikliklərə görə, U-16, U-17 və Gənclər Liqasında ilkin mərhələ bitdikdən sonra nəticələrə əsasən A və B qruplarına bölünəcək komandalar müəyyənləşəcək. Bununla rəqabətli və maraqlı oyunların sayının artacağını gözləyirik”.
O, yeni məsələlərin də müzakirə olunduğunu diqqətə çatdırıb:
“Əlbəttə ki, yeni məsələlər müzakirə olundu. Belə görüşlərin təşkil olunmasında əsas məqsədlərdən biri də budur. Bildiyiniz kimi, AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqalarında nəticələr qeydə alınmır, turnir cədvəli tərtib edilmir. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırıq. Oyunçuların futbola olan həvəsinin azalmaması və oyun balansının təmin edilməsi məqsədilə bu mövzu ətrafında geniş müzakirələr aparıldı və yekunda bu nüansı aradan qaldıra biləcək qərar qəbul edildi. Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər. Hesab arasındakı fərq 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir. Fərq 2 qola enəndə isə meydandakı digər əlavə oyunçu meydanı tərk edəcək. Meydana daxil olacaq və ya meydanı tərk edəcək oyunçunu məşqçi müəyyənləşdirəcək. Hesab fərqinə görə meydana əlavə olaraq daxil olacaq oyunçuların sayı maksimum 2 nəfər olmalıdır”.
AFFA rəsmisi mövsümün gedişində də bir sıra qərarlar verilə biləcəyini vurğulayıb:
“Çoxsaylı müraciətləri nəzərə alaraq, qız komandaları olmayan regionlarda U-8, U-9 və U-10 liqlarında 1 qız futbolçunun oğlanlarla birgə oynamasına icazə verildi. Bu təcrübənin bir çox ölkələrdə tətbiqi, həmçinin qeyd olunan yaş qruplarında fiziki olaraq güclərin, demək olar ki, bərabər olduğunu nəzərə alaraq, belə dəyişiklik tətbiq olunub. Əlavə olaraq bildirmək istərdim ki, Azərbaycan futbolu üçün kifayət qədər işlər görmüş tanınımış mütəxəssis Bəxtiyar Musayev AFFA-da seleksiya məşqçisi kimi fəaliyyətə başlayıb. Bəxtiyar müəllimlə regionlarda baş tutan aşağı yaş qrupu liqalarının oyunları haqqında geniş fikir mübadiləsi aparmışıq. O, hətta ötən ilin son turunda Biləsuvarda təşkil olunan oyunlarda iştirak edib. Belə səfərlərin qarşıdakı həftələrdə də mütəmadi olaraq təşkili nəzərdə tutulub. Məşqçinin bütün regionlara səfəri, seleksiya məqsədilə istedadlı oyunçuların aşkarlanması və bununla bağlı rəhbərliyə hesabat təqdim edilməsi kimi addımlar mövsüm gedişində həyata keçiriləcək”.
