“Sumqayıt”ın madaqaskarlı futbolçusu: “Daha inamlı və iddialı komanda olacağıq” - MÜSAHİBƏ

Müsahibə
13 Yanvar 2026 18:14
35
“Sumqayıt”ın madaqaskarlı futbolçusu: “Daha inamlı və iddialı komanda olacağıq” - MÜSAHİBƏ

“Komandanın çıxışı yaxşı idi. Üçüncü və dördüncü yerlə aramızdakı xal fərqi azdır”.

Bunu “Sumqayıt”ın madaqaskarlı hücumçusu Aleksandr Ramalinqom AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Bir müddətdir Antalyada təlim-məşq toplanışı keçirirsiniz. Hazırlıq necə gedir?

- Hazırlıq yaxşı gedir. Bütün futbolçular Misli Premyer Liqasının ikinci hissəsinə hazır olmaq üçün əllərindən gələni edirlər.

- Keçirdiyiniz iki yoxlama oyununda da məğlub oldunuz. Bu matçlar barədə nə deyə bilərsiniz? Hansı çatışmazlıqları gördünüz?

- Nəticə bu mərhələdə o qədər də önəmli deyil. Təbii ki, qələbə qazanmaq istəyirik, amma əsas məqsəd komandamızın liqaya tam hazır olmasıdır. Hazırda öz üzərimizdə işləyirik.

- “Sumqayıt” mövsümün ilk hissəsini 27 xalla 5-ci pillədə başa vurdu. Komandanızın performansını necə dəyərləndirirsiniz?

- Komandanın çıxışı yaxşı idi. Üçüncü və dördüncü yerlə aramızdakı xal fərqi azdır. Bu baxımdan vəziyyət qənaətbəxşdir və bu səviyyəni qoruyub saxlamaq istəyirik.

- Qış fasiləsindən sonra azarkeşləri necə bir “Sumqayıt” gözləyir?

- Ümid edirəm ki, azarkeşlər eyni, hətta daha yaxşı “Sumqayıt” komandası görəcəklər. Daha çox inamla, birlikdə hərəkət edən kollektivimiz var. Komandada ab-hava yaxşıdır. İkinci yarıda daha inamlı və iddialı komanda olacağıq.

- Azərbaycan Premyer Liqası barədə nə düşünürsünüz? Hansı üstünlükləri və çatışmazlıqları var?

- Premyer Liqa yaxşı səviyyədədir. Məncə, iki il əvvəlki vəziyyətlə müqayisədə daha yaxşıdır.

- Bu mövsüm qarşıya qoyduğunuz əsas hədəf nədir?

- Əsas məqsədimiz turnir cədvəlində mümkün olan ən yüksək pillədə mövsümü başa vurmaqdır. Hər oyuna ayrıca yanaşacağıq və nəticələrə uyğun irəliləyəcəyik.

İdman.Biz