Ayxan Abbasov: “Rəqibin təzyiqinə dözə bilmədik”

Xəbərlər
20 Dekabr 2023 20:11
183
Ayxan Abbasov: “Rəqibin təzyiqinə dözə bilmədik”

“Bu mərhələ bir oyundan ibarət idi. Bəlkə də bu mərhələdə ən ağır cütlük biz idik”.

İdman.biz xəbər ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Azərbaycan kubokunun 1/8 finalında “Zirə”yə 1:2 hesabı ilə uduzan qərb təmsilçisinin çalışdırıcısı ikinci qolu vura bilmədiklərini bildirib: "Digər komandalar birinci liqa komandaları ilə oynayırdı. Püşk belə oldu. Bu mövsüm bizim üçün kubok bitdi. 3 gün öncə "Zirə" ilə oynamışdıq. Bilirdik ki, məğlubiyətdən sonra daha da aqressiv olacaqlar. Futbolçularımızı hazır etməyə çalışdıq. İlk dəqiqələrdəki qol rəqibi bir qədər də aqressivləşdirdi. İkinci qolu vura bilərdik. Belə oyunlarda ikinci qol lazımdır. Təəssüf ki, yorğunçuluq öz sözünü dedi. Rəqibin təzyiqinə dözə bilmədik. Sıx qrafik bizim üçün daha çox çətindir. Digər komandalar 4 gündən bir oynayır. Biz Tovuza qayıdıb 3 gün sonra ağır oyuna çıxacağıq. Təəssüf edirəm. Rəqib ikinci hissə bizə imkan vermədi. Futbolçularımızın nə qədər soyuqqanlı olmasına çalışdıq. Oyunun təzyiqi buna imkan vermədi. Rəqibi təbrik edirəm. Növbəti oyunda qələbə qazanıb, ili qələbə ilə başa vurmağa çalışacağıq".

Qeyd edək ki, uzun müddət hesabda öndə olan "Turan Tovuz" son dəqiqələrdə 2 top buraxaraq, mübarizəni dayandırıb.

İdman.biz