Qurban Qurbanov: “Xankəndidəki görüşdə daha qürurlu olacağıq”

Müsahibə
20 Dekabr 2023 13:52
729
Qurban Qurbanov: “Xankəndidəki görüşdə daha qürurlu olacağıq”

“Xankəndiyə çox böyük qürur hissi ilə gedirik. Dünəndən məşqdə belə komandanın əhval-ruhiyyəsi çox yaxşı idi”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu bu gün MOİK klubu ilə birgə Azərbaycan kubokunun 1/8 finalı üçün Xankəndiyə yollanıb. Təcrübəli mütəxəssis səfər öncəsi İTV-yə açıqlamasında bildirib ki, tarixi torpağımıza çox qürurla gedirlər: “İstərdik ki, bu oyun gələcək üçün futbolu daha da sevdirsin. Buna da əminəm. Xankəndidəki görüşdə daha qürurlu olacağıq. Buna sanki hələ bir az inanımıram, desəm də, düzgün çıxmaz. Amma hər bir halda qürurlu olacağıq və oyunu gözləyirik. Çox şadıq”.

Qurbanov torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, ordumuza, əsgərlərimizə təşəkkür edib.

Onun sözlərinə görə, Xankəndidə beynəlxalq görüşün keçirilməsini də istəyir: “İlk rəsmi matçın, beynəlxalq turnirlərin təşkilini çox istərdik. Bu, gələcəyin planıdır. Çünki bunun üçün hər şey beynəlxalq standartlara hazır olmalıdır”.

Qeyd edək ki, “Qarabağ” MOİK-lə dekabrın 21-də saat 14:00-da üz-üzə gələcək.

İdman.biz