Qurban Qurbanov: "Hər cür tənqiddən sonra daha çox üzərimizdə çalışıb qələbə qazanırıq" - MÜSAHİBƏ

Müsahibə
15 Dekabr 2023 00:54
894
Qurban Qurbanov: "Hər cür tənqiddən sonra daha çox üzərimizdə çalışıb qələbə qazanırıq" - MÜSAHİBƏ

“Futbolçularımı təbrik edirəm və onlara təşəkkür edirəm. Bizim bir çox belə şanlarımız olmuşdu. Hətta son saniyələrə bunu bacara bilməmişdik. Ancaq bu gün hər şey gözəl nəticələndi. Uzun illərdir gözlədiyimiz qələbəyə çatdıq”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasında İsveçin “Hekken” klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, bu tarixi uğur futbolçularımıza və futbolumuza böyük təkan verəcək: “Böyük komandaların Bakıya gəlməsi və nəticə üçün bəzi oyunlara çıxmaq Azərbaycan futboluna böyük tövhə verəcək”.

- 9 il əvvəlki oyunu biz bu gün xatırladıq. Siz o zamanda demişdiz ki, biz buna nail olacağıq. Bu illər ərzində nələri aşa bildiz?
- Bəzən bizim kimi komandalarda belə şanslar az olur. Bu şansı itirən zaman kollektivə böyük təsir edir. Bizim üçün də dəfələrlə belə şans oldu. O zamanlar bizə edilən hakim haqsızlığından danışmaq istəməzdim. Keçmişdən danışıb, o günləri xatırlamaq artıq lazım deyil. Bizim adımız növbəti mərhələdə 9 il əvvəl də ola bilərdi. Həmin vaxt Prezident İlham Əliyevdə bizimlə görüşdü. O zamandan sonra bizim məsuliyyətimiz daha çox artdı. Bəlkə də 9 il bundan öncə qrupdan çıxa bilməməyimiz bizim üçün yaxşı idi. İllərdir bunu gözləyirdik. İndi isə bunu qazanmaq bizim üçün çox önəmli idi. Biz soyuqqanlı olmalıyıq. Bir zamanları öz əlimizdə bəhanə kimi tutmamalıyıq.

- Potensial rəqiblər məlumdur. Kimləri görmək istərdiniz? İlk təbriki kimdən aldınız?

- Oyundan sonra danışdığım şəxs Zaqatalanın icra başçısı idi. O, futbolla yaxından maraqlanır. Hər zaman bizim oyundan sonra dərhal əlaqə saxlayır. Potensial rəqiblərin hər biri güclüdür. Kiminsə adın çəkmək istəməzdim. Hansı rəqiblə düşsək, əlimizdən gələni edib, qələbə qazanacağıq.

- Bu mövsümdə nə kimi çətinlik yaşadız?

- Mən hadisələrin içərisində oluram. Komandada çatışmayan tərəfləri aradan qaldırmaq üçün daim söhbətlər edirik. Hər il tənqidlər olur. İstər ölkə çempionatında, istərsə də Avropa Liqası baxımından. Tənqidlər normaldır. Lakin bəzən hər dəqiqəyə real baxmaq lazımdır. Birdən-birə yaxşı futbolçularımızın getməsi, bəzilərinin formadan düşməsi və s. Bütün bunlar bizi narahat edirdi. “Rakov” klubuna qarşı məğlubiyyət bizi motivasiyadan salmadı. Yaxşı oyun keçmişdi. Bəzi oyunçular var ki, onların daha da yaxşı vəziyyətə gələcəklərini bilirəm. İnanın ki, mən heç kimdən incimirəm. Mən azərbaycanlıma qarşı çıxmaram. Hər birinizi sevirəm. Hər cür tənqiddən sonra daha çox üzərimizdə çalışıb qələbə qazanırıq. Bütün bunların nəticəsi olaraq “Qarabağ” klubu qələbə qazana bildi.

- Komandanın aparıcı futbolçusu Marko Veşoviç cəzalı vəziyyətə düşdü. Onun yoxluğunu necə kompensasiya edəcəksiniz?

- Vaxtımız hələ çoxdur. O zamana kimi bilmirik, oyunçuların vəziyyəti necə olacaq. Rəqibin kimliyi barədə də məlumatımız yoxdur. O zədəli olduğu zaman Toral Bayramov eyni mövqedə çıxış edib. Ciddi bir problem görmürəm. Amma belə futbolçuların daima meydana olmasını istəyirəm. Marko Veşoviç çox məsuliyyətli futbolçudur. Daima məşqlərdə yaxşı iştirak edir və çox əziyyət çəkir.

- Ötən il də Konfrans Liqasınım pley-off mərhələsində oynadığınız zaman bir sıra futbolçularınızla yollarınızı ayırdınız. Bu ildə belə bir hal yaşana bilərmi?

- Bəzən belə uğurlar olanda qorxular olur. Çünki böyük oyunlarda futbolçularla maraqlananlar çox olur. Biz hər zaman oyunçularımızı qoruyub, saxlamaq istəmişik. Lakin bu il kollektivimizin sayı azaldı, problemlərimiz oldu. Biz Avropa bazarına çıxdıq. Ümumilikdə strategiya olaraq, oyunçuların vəziyyətinin yaxşılaşdırması baxımından çox böyük təcrübə qazandıq. Bu gün də əgər maraqlı və böyük təklif olsa, başqa variantlara əl atarıq.

- Marko Veşoviç qırmızı vərəqə almamışdan öncə siz onu kimləsə əvəzləmək istəyirdiniz?

- O, birinci sarı vərəqəni aldığı zaman fikirləşdim ki, ikinci “sarı”nı almasın. Amma hakim ona dərhal qırmızı vərəqə verdi.

- Sabiq futbolçunuz Kadi Borqes yenidən komandaya qayıda bilər?

- Biz bütün futbolçularımıza deyirik ki, hər zaman qapılarımız sizin üzünüzə açıqdır. Onun üçün burada hər şey yaxşı idi. Belə bir variant olsa, biz “yox” demərik. Amma onun hazırda müqaviləsi var.

- Qırmızı vərəqədən sonra komanda müdafiədən oynadı, yoxsa bunu özünüz istədiz ? Musa Qurbanlı bu qələbədən sonra komandada qalmadığı üçün təəssüflənmir ki?

- Bəzən belə halların olması məni sevindirir. Bəzən elə düşünürük ki, futbolçular hücumda olmalıdırlar. Ancaq bu səviyyədəki oyunlarda komanda müdafiə oluna bilirsə, bu, artıq böyük futbolun vacib olan hissələrindəndir. Bizim qarşımızda elə rəqib yoxdur ki, 90 dəqiqə müdafiə olunaq. Musanın ümumilikdə fərqli xarakteri var. O, legioner həyatını daha çox sevir. İstəyir ki, daim orada olsun. Avropa onu bu dəqiqə üçün qane edir.

- Qurban Qurbanov olmasa, Azərbaycan futbol nə edərdi?

- Bu sual bir az ağır oldu. Bununla bağlı nəsə deyə bilmərəm. Fərqi yoxdur futbolda oldum və ya başqa sahədə. Biz bu vətənin övladıyıqsa, hər birimiz işimizdə məsuliyyətli olmalıyıq. Futbol sahəsində isə tək öz adımı hallandırmağınızı istəməzdim.

- “Hekken”də diqqətinizi cəlb edən oyunçu oldu?

- İlk oyundan sonra marağımı bir sıra futbolçular cəlb etdi. Ancaq adlarını çəkə bilmərəm.

- Qurban Qurbanovum özünü nə ilə motivasiya edir?

- Bəzən hər bir sahədə düstur axtarırsan ki, onu necə yaxşılaşdıra bilərsən. Düzgün olanı isə ən sadə düsturu tapmaqdır. Mən dəfələrlə bildirmişəm ki, özümdən ilk tələbim məsuliyyətli olmağımdır. Əgər insanlar mənə güvənərək, bir iş tapşırıblarsa, bunun öhdəsindən layiqincə gəlməliyəm. Məsuliyyət olduğu zaman nəticə olacaq. Hər zaman bu fikirlə də oyunlara çıxıram, futbolçularımı hazırlayıram

- Sizə xaricdən təklif gəlsə, qəbul edərsiz?

- Bilmirəm. Sabah nə olacağı barədə nəsə deyə bilmərəm. Hansısa kluba getməyi düşünmürəm. “Qarabağ”a bağlı bir insanam. Nə qədər ki, “Qarabağ”ın adı var, uğur qazanmaq istəyərəm. Lakin ən böyük klublarda belə güclü məşqçilər öz komandasını tərk ediblər. Ancaq böyük bir şey olmasa hələ ki, burdayam

- Pley-off mərhələsində nə böyük rol oynayacaq?

- Oyunçuların təcrübəsi çoxdur. “Bayer”lə oyun bizə çox böyük təcrübə qazandırdı. Hansı rəqib olursa olsun, qələbə üçün çalışacağıq. Ola bilər ki, hazırlığımızda müəyyən dəyişiklik edəcəyik. Rəqibdən çox şey asılıdır. Bu mərhələdə olan rəqibləri daha çox analiz etməyə çalışacağıq.

Qeyd edək ki, son turun nəticələrindən sonra “Qarabağ” qrupun turnir cədvəlindəki ikinci yerini qoruyub. Bu, Qurban Qurbanovun yetirmələrini Avropa Liqasının pley-offuna daşıyıb.

Banuçiçək Hüseynli
İdman.biz