“Neftçi”nin baş icraçı direktoru futbolçunun vəziyyətinə aydınlıq gətirib

Xəbərlər
10 Dekabr 2023 16:18
132
“Neftçi”nin baş icraçı direktoru futbolçunun vəziyyətinə aydınlıq gətirib

“Futbolda ən çətin və məsuliyyətli mövqe, qapıçı mövqeyidir. Güclü və etibarlı U-15 komandamızın qapıçısı Nurəziz Əzizovla fəxr edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi” klubunun baş icraçı direktoru Fərrux Mahmudov sosial şəbəkədə paylaşım edib.

AFFA U-15 Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ulduz Mingəçevir” - “Neftçi” qarşılaşmasında zədələnən Nurəzizə dalağın partlaması diaqnozu qoyulub və əməliyyat olunub. Mahmudovun sözlərinə görə, hazırda qolkiperin vəziyyəti yaxşıdır: “Əsas odur ki, həkimlərimizin səyi və vaxtında düzgün diaqnozun qoyulması nəticəsində futbolçumuzun durumu normallaşır. Nurəziz, bir daha keçmiş olsun. Allah şəfanı versin”.

Qeyd edək ki, Əzizov “Ulduz Mingəçevir” - “Neftçi” qarşılaşmasının 37-ci dəqiqəsində qarın boşluğundan zədələnib.

İdman.biz