Azərbaycanda ilk dəfə 100 km məsafəyə ultramarafon yarışının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, Ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr edilmiş qaçış Dənizkənarı Milli Park ərazisində təşkil olunub.
Qaliblərin mükafatlandırma mərasimində yubileylə bağlı Bakıya gələn Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov iştirak edib.
Karamarinov Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş kimi Avropa Atletikası ailəsində əhəmiyyətli yerə malik olduğunu bildirib.
İl ərzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş atletika tədbirlərinin silsilə xarakter daşıdığını qeyd edən Cavid Qurbanov Azərbaycan atletikasının 100 illik tarixində şərəfli yol keçdiyini vurğulayıb, qarşıdakı yarışda atletlərimizin yüksək nailiyyətlər əldə edəcəyinə inandığını söyləyib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutan ultramarafonda yerli idmançılarla yanaşı, Türkiyə və Rusiyadan 50-yə yaxın iştirakçı mübarizəyə qoşulub. Türkiyəli Üzeyir Söylemez 7 saat 37 dəqiqə 56 saniyə göstərici ilə ultramarafonun qalibi olub. Ağa Əliyev 8:31.22 nəticə ilə 2-ci yeri tutub. Artyom Əliyev isə finişə 3-cü gəlib.
Qadınlar arasında Leyla Abdinova 10:57.57 göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natalya Vallek 2-ci, Cəmilə İrəfiyeva isə 3-cü olub.
İdman.biz