"Belə marafonların davamlı şəkildə təşkili sevindiricidir".
Bunu Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev İdman.biz-ə açıqlamasında deyib.
O, “Bakı Marafonu 2025”in yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Musayev bildirib ki, yarış bir sıra xüsusiyyətlərinə görə fərqlənir: "Əvvəla, qaçmaq sağlamlıq üçün çox vacibdir. Ümumiyyətlə, bu, çox yaxşı təşəbbüsdür. Həm peşəkar idmançılar, həm də həvəskarlar belə tədbirlər sayəsində bir araya gəlir, ünsiyyət üçün yaxşı şərait yaranır. Bakı küləklər şəhəridir. "Küləyə qalib gəl" şüarı ilə marafonun keçirilməsi maraqlı yanaşmadır".
O, Karate Federasiyasında görülən işlərdən də danışıb: "Federasiyamızda hər şey qaydasındadır. İşlər çox yaxşı gedir. Çoxsaylı yarışlar keçiririk. Beynəlxalq yarışlarda idmançılarımız iştirak edir, yaxşı nəticələr göstərir. Bildiyiniz kimi, bu il Azərbaycanda ilk dəfə MDB oyunları keçiriləcək. Burada karate də var. Ümid edirəm ki, idmançılarımız gözəl nəticə ilə bizi sevindirəcək".
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan yarış üçün 28 minədək iştirakçı qeydiyyatdan keçib. Artıq 8-ci dəfə keçirilən Bakı Marafonuna tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar, ümumilikdə, 200-dən çox rəsmi və fəxri iştirakçı qatılıb.
Aytac Sahəd
İdman.biz