Azərbaycan atleti Kənan Vəliyev antidopinq qayda pozuntusuna görə iki il müddətinə diskvalifikasiya edilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
Bildirilib ki, idmançı nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmə qaydasını pozduğuna görə cəzalandırılıb.

Sanksiya 2026-cı il aprelin 15-dən qüvvəyə minib və 2028-ci il aprelin 15-də başa çatacaq.
Qeyd edək ki, 31 mart 2008-ci il təvəllüdlü Kənan Vəliyev “Təhsil” Respublika İdman Mərkəzini təmsil edir. O, atletikanın nüvə itələmə və lövhə atma növləri üzrə ixtisaslaşıb. Yeniyetmələr arasında ölkə birinciliyinin qalibi olan Vəliyev, eyni zamanda böyüklər arasında keçirilən Azərbaycan çempionatlarının (həm qış, həm də açıq hava) bürünc mükafatçısıdır. İdmançının nüvə itələmə növündə şəxsi rekordu qapalı zalda 13.97 metr, lövhə atmada isə 46.13 metrdir.
