Xankəndi Ultramarafonunun sonuncu mərhələsinə Ağdamda start verilib - FOTO

11 Oktyabr 2026 09:38
105
Xankəndi Ultramarafonunun sonuncu mərhələsinə Ağdamda start verilib - FOTO

Atletika üzrə Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü və sonuncu mərhələsinə bu gün Ağdamda start verilib.

İdman.Biz xəbər verir ki, sonuncu mərhələdə iştirakçılar Ağdamdan Xankəndiyə qədər 29,2 km məsafə qət edəcəklər. Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ultramarafona altı ölkədən 97 atlet qatılıb.

Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ-Ağdaş (52,5 km), Ağdaş-Bərdə (63,5 km), Bərdə-Ağdam (46,8 km) və Ağdam-Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilir, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Kişilər arasında ilk üç mərhələdə Gürcüstan təmsilçisi David Xarazişvili qələbə qazanıb. Qadınların mübarizəsində isə ukraynalı Olena Şevçenko birinci olub.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi-Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ-Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.

İdman.Biz