Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonuna qatılacaq ölkələrin adları müəyyənləşib

6 Oktyabr 2026 13:04
104
Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonuna qatılacaq ölkələrin adları müəyyənləşib

Xankəndi Ultramarafonuna qatılacaq ölkələrin adları müəyyənləşib.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, daha 5 ölkə - İran, Ukrayna, Gürcüstan, Rusiya və Litva iştirak edəcək.

Ümumilikdə 100 idmançının qatılacağı beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır. 192 kilometrlik Qəbələ - Xankəndi marşrutu iştirakçıların fiziki hazırlığını və dözümlülüyünü sınayan ciddi mübarizə vəd edir.

Ultramarafon dörd mərhələdən ibarət olacaq: Qəbələ - Ağdaş (55 km), Ağdaş - Bərdə (65 km), Bərdə - Ağdam (44 km) və Ağdam - Xankəndi (28 km). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi - Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ - Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 idmançı qatılıb.

2026-cı ildə üçüncü dəfə təşkil olunan Xankəndi Ultramarafonu yenidən Qəbələ - Xankəndi marşrutu üzrə keçiriləcək.

İdman.Biz