Fərid Qayıbov: “Sevinirik ki, bizim bu qədər ultramarafonçumuz var”

11 Oktyabr 2026 11:51
126
Fərid Qayıbov: “Sevinirik ki, bizim bu qədər ultramarafonçumuz var”

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov atletika üzrə Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda yerli idmançıların çoxluğundan məmnunluğunu ifadə edib.

İdman.Biz xəbər verir ki, nazir bu barədə yarış çərçivəsində media nümayəndələrinə açıqlamasında danışıb. O, ultramarafonun üçüncü dəfə təşkil olunduğunu xatırladıb. Qayıbovun sözlərinə görə, ilk yarış Xankəndidən start götürüb, son iki ildə isə finiş bu şəhərdə olur.

Nazir bildirib ki, idmançılar 192 kilometrlik məsafəni dörd günə qət edirlər. O, iştirakçıların sayında kifayət qədər artım olduğunu, onların yarıdan çoxunu azərbaycanlıların təşkil etdiyini deyib.

“Sevinirik ki, bizim bu qədər ultramarafonçumuz var”, - deyə Fərid Qayıbov vurğulayıb.

Onun sözlərinə görə, yarışa altı ölkənin iştirakçıları qatılıb və atletlərin təxminən 25 faizi qadınlardır.

Nazir bütün idmançıları və Azərbaycan xalqını işğaldan azad olunan ərazilərdə keçirilən növbəti idman bayramı münasibətilə təbrik edib.

İdman.Biz